Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
19:38 19 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 19 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan hökumətinin İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirdiyi "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı Layihəsi" çərçivəsində Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.
AZƏRTAC xəbər verir ki, “Tərtər şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Tərtər şəhərini və ətrafdakı 11 kəndi əhatə edir. Layihəyə əsasən, həmin yaşayış məntəqələrini keyfiyyətli içməli su ilə təmin etmək üçün mənbə olaraq yeraltı sular seçilib və 9 subartezian quyusunun qazılması nəzərdə tutulub.
Dayanıqlı su təchizatını təmin etmək məqsədilə hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarı tikiləcək və mənbədən anbarlara 3,6 kilometr uzunluğunda suyığıcı xətt çəkiləcək. Şəhərdə mərkəzləşdirilmiş su təchizatı şəbəkəsi yenidən qurulacaq, 109 min 784 metr uzunluğunda paylayıcı su xətti çəkilərək, 2959 ünvana ev birləşməsi veriləcək və hər bir abonent “smart-kart” sayğacla təmin olunacaq.
Layihəyə uyğun olaraq, Tərtər şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Tullantı sularının optimal idarə edilməsi üçün 103 min 763 metr uzunluğunda kanalizasiya xətti çəkiləcək və 3944 ünvana birləşmə veriləcək. Həmçinin diametri 800 millimetr olan 8137 metr uzunluğunda kanalizasiya kollektoru tikiləcək.
Artıq 5000 kubmetrlik su anbarının tikintisi başa çatıb, bir ədəd subartezian quyusu qazılıb. Mənbədən su anbarına qədər suyığıcı xətt, həmçinin şəhərdə 27 kilometr su xətləri çəkilib, 1306 ünvana ev birləşməsi verilib.
Layihə çərçivəsində indiyədək 29 kilometr uzunluğunda kanalizasiya xətti çəkilib, 818 ədəd dəmir-beton baxış quyusu tikilib, 948 ünvan kanalizasiya birləşməsi ilə təmin olunub.
Hazırda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilir. İşlərin 2016-cı ilin dekabrınadək başa çatdırılması nəzərdə tutulur. 2035-ci ilədək inkişaf perspektivi nəzərə alınmaqla, gələcəkdə layihədən 47 min nəfər faydalanacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terter_seherinin_su_techizati_ve_kanalizasiya_sistemleri_yeniden_qurulur-912753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR