Tacik şəfqət bacısı Yəmən girovluğunda

Tacik şəfqət bacısı Yəmən girovluğunda
19:47 19 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Tacikistandan 37 yaşlı iki uşaq anası Qulruxsor Rafiyeva Yəməndə tibb bacısı işləyərkən silahlılara əsir düşüb. Çəkdiyi məşəqqətlərə baxmayaraq sağ-salamat vətəninə qayıdan Rafiyeva BBC Rus xidmətinə müsahibə verib.

Tacikistanın şimalındakı Pencikent şəhərinin sakini Rafiyeva Yəmənə müsəlman ölkələrində işləmək üçün tibb kurslarını bitirdikdən sonra seçmə üsulu ilə göndərilib. O, Yəməndəki Mərib şəhərinin hərbi xəstəxanasının qadın bölməsində tibb bacısı-mama işləyib.

2014-cü ilin payızında, vətənə qayıtmasına bir gün qalmış naməlum silahlılar tərəfindən oğurlanıb. Girovçular onun azad edilməsi müqabilində, öz qohumlarının həbsxanadan azad olunmasını tələb edirdilər.

Hakimiyyət orqanlarının versiyasına görə girovçular əl-Qaeda təşkilatından idilər. Rafiyevanın azad olunması üçün danışıqlarda Tacikistan və Yəmən hökumətləri ilə yanaşı, yerli tayfa şeyxləri də iştirak edirdilər.

Yəmən hazırda huti üsyançılarla ərəb ölkələri tərəfindən dəstəklənən prezident Əbd-Rəbbu Mənsur Hadinin tərəfdarları arasında davam edən vətəndaş müharibəsinə görə xaos vəziyyətindədir.

İndi söhbət bundan gedir ki, başına gələnlərə baxmayaraq, Qulruxsor Rafiyeva Yəmənə qayıtmağa hazır olduğunu bildirir, beləki öz vətənində aldığı maaş uşaqlarını dolandırmağa imkan vermir.

Rafiyeva ilə BBC-nin Düşənbə müxbiri Anora Sarkorova söhbət edib.

Qulruxsor Rafiyeva: Yəməndə 6 ildən çox müddətdə işləmişəm. Oradakı işim xoşuma gəlirdi. Hökumətdən çox sayda fəxri fərman almışam. Problem budur ki, orada qadın həkimlər yoxdur, hamısı xaricdən dəvət olunur. Məribdə məni hamı tanıyırdı, ona görə də mən oğurlananda bir çoxları azadlığımı tələb edən aksiyalara qatıldılar.

BBC: Sizi necə oğurlamışdılar? Bu adamlar kimlər idi?

Q.R.: Məni oğurlayanları tanımırdım. Mən işdən qayıdırdım. Birdən yanımda maşın dayandı, içindən maskalılar düşüb məni maşına basdılar. Əvvəllər vəziyyətim pis deyildi. Mənə yemək-içmək verirdilər. Onlar mənə vəd etmişdilər ki, bir-iki günə buraxacaqlar. Məni oğurlayan kişilər həbsxanadan kimlərinsə azad olunması barədə söhbət edirdilər. Başa düşdüm ki, məni həmin adamlarla dəyişməyə çalışırlar. Mənə deyirdilər ki, özümə qarşı heç bir qərəzləri yoxdur.

Bir neçə gündən sonra gördüm ki, məni buraxmaq fikrində deyillər. Onda onlardan azad olunmağımı tələb etməyə başladım. Mənə dedilər ki, məni yalnız qohumları həbsxanadan buraxılanda azad edəcəklər.

Bu anda görünür, özümü cilovlaya bilmədim və səhvə yol verdim. Qapı-pəncərələri döyəcləyib ətrafdakıları köməyə çağırmağa başladım. Onda məni əsir edənlər əl-qolumu bağladılar və zirzəmiyə atdılar.

Cəza olaraq yalnız su və çörək verirdilər. Girovluqdakı 4 ayımı yalnız su və çörəklə keçirdim. Gündə bir dəfə məni zəncirli halda həyətə, təmiz havaya çıxarırdılar.

BBC: Siz onlarla ünsiyyət qurmağa, kim olduğunuzu izah etməyə cəhd göstərirdinizmi?

Q.R.: Biz ərəbcə danışırdıq. Mən ərəb və ingilis dillərini bilirəm. Onlara şəxsən nə pislik etdiyimi soruşur, mərhəmətə gətirmək istəyirdim. Amma bunun heç bir faydası olmadı. Məndən bir neçə gün əvvəl Özbəkistandan olan bir həmkarımı da oğurlamışdılar. Onu sonradan pul ödəyərək girovçulardan aldılar.

Məni oğurlayanlar deyirdilər ki, fikirləri bir avtobus rusu girov götürüb əvəzində çoxlu pul və qohumlarının həbsxanadan azad olunmasını tələb etmək olub. Həmin gün bir avtobus rus söhbəti baş tutmayıb, əvəzində qarşılarına mən çıxmışam. Yəni məni qaçırmaq ilkin planlarında yox imiş.

Mən onların ürəyinə rəhm gətirmək istəyirdim. Deyirdim ki, iki uşağım, xəstə valideynlərim var. Deyirdim ki, axı müsəlmanam. Xahiş edirdim ki, valideynlərimlə danışmaq üçün mənə telefon versinlər. Mənim sənədlərimi, telefon və başqa şəxsi əşyalarımı almışdılar.

Məni bir neçə dəfə möhkəm döymüşdülər. Bu o zaman baş verirdi ki azad olunmağımı tələb edir, onlarla mübahisəyə başlayırdım. Çox bərk döyürdülər. Şlanqla, yumruq-təpiklə. Rəhm hissi deyilən şey yox idi onlarda. Ölümlə hədələyirdilər. Qadın olduğumu da nəzərə almırdılar.

Bir dəfə belə döyüldükdən sonra başım bərk ağrıyırdı. Onlardan mənə dərman vermələrini xahiş etdim. Bir ovuc ağrıkəsici gətirdilər. Bütün həbləri ağzıma atdım ki, halım xarablaşsın və bəlkə onda məni klinikaya aparsınlar. Amma onlar dedilər ki, məni heç yerə aparmaycaqlar və əgər ölsəm zibilxanaya atacaqlar.

Məni ən çox yandıran o idi ki, əlimdə oktyabrın 30-na vətənimə bilet var idi, amma oktyabrın 29-da qaçırılmışdım. Məni evdən-evə keçirirdilər ki, hökumət izə düşə bilməsin.

BBC: Bir az da azad edilməyinizdən danışın...

Q.R.: Məni 2015-ci ilin 10 fevralında azad etdilər. Bundan bir gün əvvəl saxlandığım zirzəmidən yuxarıda nə isə bir şadyanalıq səsləri eşidirdim. Nəyi isə bayram edirdilər. Onların söhbətlərindən belə başa düşdüm ki, qohumlarından kimisə həbsxanadan buraxıblar. Sonradan bildim ki, ailədən iki qardaşı azad ediblər. Onlar Amerika təyyarəsini partlatmaq cəhdinə görə həbsxanada idilər.

Girovçular öz aralarında mənim taleyimi müzakirə edirdilər: öldürsünlər, satsınlar, yoxsa çölə atsınlar. Amma görünür öldürməkdən qorxdular. Axı tələbləri qəbul edilmişdi. Fevralın 10-da yanıma gəlib geyinməli olduğumu dedilər.

Mən müqavimət göstərməyə başladım. Əmin idim ki, məni öldürməyə aparırlar. Yalnız Sanadakı hava limanında məni Türkiyə təyyarəsinə oturdanda başa düşdüm ki, azad edilmişəm. Azadılığın necə bir şirin nemət olduğunu təsvir etmək çətindir. Mən elə bildirdim ki, məni də başqa girovlar kimi köləliyə satacaqlar.

Çox eşitmişdim ki, əsirlikdə qadınların başına çox işlər gətirilir. Onları sata və ya zorla ərə verə bilərlər. Mənə toxunmurdular, çünki yalandan ərli olduğumu demişdim. Girovluqda olarkən məni oğurlamış ailənin qadınları ilə dostlaşmışdım. Onlar mənə xəlvətcə şirniyyat verirdilər. Mənsə onlara uşaqlarına baxmaqda kömək edirdim. Mənə açıq rəğbət göstərmirdilər, çünki ərlərindən çox qorxurdular.

BBC: Bütün bu yaşananlardan sonra Yəmənə qayıtmaq istəyirsiniz?

Qulruxsor Rafiyeva: Bəli, mənim seçimim yoxdur. Bilirəm ki, riskə gedirəm. Ya vətənimdə acından ölməliyəm, ya da müharibədə terrorçuların əlində.

Onsuz da hamımız bir gün öləcəyik. Çünki orada mənə min dollar maaş verirdilər, vətənimdə isə təcrübəli tibb işçisi kimi 30 dollar statist maaşı alıram.

Yəmən xalqı və hökuməti mənə çox hörmətlə yanaşırdılar və əməyimi qiymətləndirirdilər. Yəməndə keçmiş Sovet İttifaqından çox sayda qadın və kişi işləyir. Öz ölkəmdə mənə 100 dollar versəydilər, mən uşaqlarımı qoyub heç yerə getməzdim.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR