Çövkən yarışlarında daha bir yenilik: baharbənd milli oyunu

19:58 19 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 19 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkinin Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu üzrə yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, yarışların dördüncü günü, dekabrın 19-da tamaşaçılar çövkən oyunu üzrə 1/8 final qarşılaşmalarını, həmçinin baharbənd və papaq milli oyunları üzrə yarışları izləyiblər.
Çövkən milli oyunu üzrə qarşılaşmalar belə nəticələnib: Balakən-Qax - 6:0, Ağcabədi-Yevlax - 5:0, “Polad”-Oğuz - 3:0, Şəki-Laçın - 0:1.
Sonra baharbənd oyunu üzrə yarışlar başlayıb. Xatırladaq ki, baharbənd oyunu da güc sınağı yarışları kimi, oyunların proqramına ilk dəfədir daxil edilib. Yarışda Qəbələ, Qazax, Goranboy və Tərtər komandaları mübarizə aparırlar.
Bu oyunun qaydaları barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Cavanşir Cəfərovun bildirdiyinə görə, baharbənd oyunu da xalqımızın milli atüstü oyunlarından biridir. Oyunçu atı yorğa və çaparaq sürərək papağını, tüfəngini, kəmərini, nəhayət çuxasını çıxararaq müəyyən olunmuş yerlərə atır. Sonra isə tulladığı geyim və silahını atdan düşmədən növbə ilə yerdən qaldırıb geyinir. Meydançanın uzunluğu adətən 100-150 metr olur.
Daha sonra papaq oyunu üzrə yarışlar başlanıb.
Ötən gün keçirilən güc sınağı və yaylıq milli oyunlarının qaliblərinin adları da artıq məlumdur. İlk dəfə keçirilən güc sınağı yarışında Zaqatala komandası birinci yeri tutub. Yaylıq oyununda isə Xaçmaz komandası fərqlənib.
Dekabrın 20-də çövkən milli oyunu üzrə ¼ final qarşılaşmaları, həmçinin papaq və sür-papaq oyunları keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın çövkən oyunu 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHovken_yarislarinda_daha_bir_yenilik_baharbend_milli_oyunu-912754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR