"Tanınmış olduğum üçün, yaxınlaşıb nömrəsini ala bilmirəm"

"Tanınmış olduğum üçün, yaxınlaşıb nömrəsini ala bilmirəm"
15:56 20 Dekabr 2015
85 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Müşfiq Şahverdiyev prodüseri olduğu “My name is İntiqam-2” filmindən söhbət açıb.

Axşam.az-ın məlumatına görə, musavat.com-un suallarını cavablandıran yumorist bildirib ki, ikinci filmi gözlədiyi nəticəni verməyib:

“Etiraf edirəm ki, “My name is İntiqam”ın ikinci hissəsi gözlədiyimiz kimi olmadı. Bunun da səbəbləri var. Birincisi, maddi böhrandır, ölkədə ümumi vəziyyət yaxşı deyil. Demirəm ki, insanların səhər 4, axşam 7 manatı olmadığı üçün kinoya gəlmir. Camaatın başı problemlərə qarışanda film yada düşmür. İkinci film zəif olduğu üçün baxış sayının az olacağını düşünmüşdüm. Lakin ölkədə bütün filmlərə münasibət eynidir. İkinci filmi xaricdə əcnəbi aktyorlarla çəkdik. Rus dilində səhnələr çox idi. Anladım ki, bizim tamaşaçılar əziyyət çəkib, alt yazını oxumaq istəmirlər, izlədiklərinə həmin an gülmək istəyirlər. Rus aktyorların danışıqlarında gülməli məqamlar vardı, amma tamaşaçı alt yazını oxumadığı üçün gülmürdü. İkinci filmi xaricdə çəkmək üçün tez idi”.
 
- Filmin izləyici sayı birinciyə nisbətən az oldu. Maddi baxımdan ziyana düşmədiniz?

- “My name is İntiqam-1” filmini çəkəndə böyük risk etmişdim. Maliyyə tapa bilmirdim, heç kim bizə sponsor olmaq istəmirdi. Deyirdilər ki, Azərbaycan filmi gəlir gətirməz, pulumuz batar. Ötən il sponsorları inandırdım, bütün pulumu filmə xərclədim. Film üçün evimi, maşınımı da satmağı düşünürdüm. Amma hər şey fərqli oldu, yaxşı pul qazandıq. Neçə ildir ki, toylara gedirəm. Televiziya, teatr maaşı ilə ailə saxlamaq mümkün deyil. Toy aparmağı sevmirəm, məcburən toya getmişəm ki, ailəmi saxlayım. Hər zaman da məclisin qurtarmağını gözləmişəm ki, pulumu alıb, evimə gedim. Filmdən qazandığım pul isə mənim üçün çox dəyərli idi. Çünki sevdiyim işdən əldə etmişdim. İkinci filmdə yenə risk etdim, Moldovaya getdim, çox xərc çəkdim. Birinci filmdən əldə edilən gəlir və sponsorların sayının artması nəticəsində filmi ərsəyə gətirdik. İkinci film gözlədiyim kimi olmadı. Azərbaycan filmi üçün 40-50 min izləyici böyük hadisədir. Lakin mən 100-150 min izləyici gözləyirdim”.

- Filmin baş rol aktyoru və prodüseri kimi siz hansı “My name is İntiqam”ı bəyənirsiniz?

- Çoxları birinci filmin daha maraqlı olduğunu deyir. Birinci daha şirin idi, kəndli oğlan sevgilisi ilə görüşür, abu-hava başqa idi. İkincidə isə İntiqamı İntiqamlıqdan çıxartdıq. Prodüser kimi deyirəm ki, bu, yaxşı fikir deyildi. Ssenarini mən bəyənib, qəbul etmişəm. Amma sonra gördüm ki, kəndli İntiqamın birbaşa merliyə namizəd olması, yaxşı fikir deyildi. Kənddən gəlib, 1 milyon udmuşdu. Gərək kəndinə qayıdardı. Gənc çobanın ikinci seriyada merliyə namizəd olması yaxşı ideya olsa da, İntiqamı dəyişdi. İkinci filmə 50 min baxış olub, amma bu, istədiyimiz nəticə deyil.

- Tamaşaçılar Müşfiq Şahverdiyevi nə vaxtsa, dramatik obrazda görəcəklərmi?
 
- “My name is İntiqam”ın ikinci seriyasında dramatik obraz canlandırmışam. Filmin sonunda İntiqam müflis olur, küçədə “bomj”luq edir. Düşünürəm ki, dramatik obrazların da öhdəsindən gələ bilərəm. Maraqlı dramatik obraz olsa, canlandıraram.

- Bir az da şəxsi həyatdan danışaq... Nə zaman ailə quracaqsınız?

- Bu, mənə ən çox verilən suallardan biridir. 32 yaşım var, yaşım keçir. Bu gün evlənmək çox çətindir. Bir ildən sonra boşanmaq üçün ailə qurmaq istəmirəm. Mən quracağım ailənin ömürlük olmasını istəyirəm. Ömürboyu mənə sadiq qalacaq, tərbiyəli və məni anlayacaq xanımı tapa bilməmişəm. İstədiyim kimi xanımların sayı çoxdur. Sadəcə, münasibət qura bilmirəm. Tanınmış simayam, universitetin qarşısında durub, tələbələrə baxıb, qız seçə bilmirəm. Şəhərdə çox gözəl qızlara rast gəlirəm. Tanınmış olduğum üçün yaxınlaşıb, nömrəsini ala, tanış ola bilmirəm. Bütün bunlara görə evlənə bilmirəm. Əvvəllər hazır deyildim, evim, maşınım, maddi durumum əl vermirdi. İndi şəraitimi qurmuşam, evimi almışam. Bircə o xanımı tapıb, evlənmək qalıb. Təbii ki, bu işlər qismətə bağlıdır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR