Eldar Sabiroğlunun oğlu prokurorluqdan istefa verib, müxalifətə keçdi

Eldar Sabiroğlunun oğlu prokurorluqdan istefa verib, müxalifətə keçdi
17:47 20 Dekabr 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Keçmiş YAP-çı deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarında işləyən oğlu Rüfət Səfərov sensasiyalı bəyanat yayıb. Zərdab rayon Prokurorluğunun müstəntiqi olan R.Səfərov bu gün ölkədəki "kütləvi ədalətsizliyə və atasına qarşı haqsız hücumlara etiraz əlaməti olaraq", vəzifəsindən istefa verdiyini bildirib.

Keçmiş deputatın oğlu Baş Prokuror Zakir Qaralova ünvanladığı sərt məzmunlu istefa ərizəsinin sürətini "Azpolitika"ya göndərib.

R.Səfərov ərizədə yazır ki, tutduğu vəzifədən istefa verir. "Addımıma görə xəstə ata və anamla işi olan kəs... nakəsdir!!! Nə işiniz olsa, idrakım hazırdır!!!" deyə, ərizədə həmçinin xəbərdarlıq edilir.

R.Səfərov Feysbuk-da paylaşdığı postlarında isə müxalifətə keçdiyini də elan edir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovun prokurorluq orqanlarından istefa verib, müxalifətə keçməsi barədə bugünkü bəyanatına münasibət bildirib. E.Sabiroğlu azpolitika.info-ya açıqlamasında oğlunun bu addımından xəbərsiz olduğunu deyib.

"Əlbəttə, mənim üçün məyusedici, ağır vəziyyətdir. Oğlum dözümsüzlük göstərdi. Bunu tam səmimiyyətlə deyirəm: O, bu addımı məndən xəbərsiz atıb. Mənə deyirdi ki, yüksək balla prokurorluq orqanlarına işə qəbul olunmasına baxmayaraq, 5 ildir ki, Zərdab rayonundadır. Aşağı bal toplayanların isə il yarım, iki ildən sonra yerləri dəyişdirilib. Burada həqiqət var. Mən özüm də dəfələrlə prokurorluq orqanlarına müraciət etdim, bu gün-sabaha saldılar".

E.Sabiroğlu deyib ki, oğlunun belə sərt qərarına son vaxtlar onun özünə qarşı hücumlar təşkil olunmasının da təsiri olub. "İkinci səbəb isə mənimlə bağlıdır. Oğlum özünü təhqir olunmuş hesab edirdi. Məlum yazılarla bağlı məni, ailəmi təhqir etdilər, aşağıladılar. Hətta ermənilərə işləməkdə suçladılar. Bu da gənc adamdır, dözə bilmədi. Lakin gərək belə yol tutmayaydı. Mənim üzərimə yeriyənlərin əlinə əlavə faktlar verməməli idi".

Tanınmış YAP-çı bildirib ki, oğlunun qərarı onun siyasi mövqeyinə təsir etməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR