Qərbin məkrli planları, "qiymətə minən" qızlarımız

Qərbin məkrli planları, "qiymətə minən" qızlarımız
20:17 20 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az modern.az-a istinadən Namidə Bingölün yazısını təqdim edir

Qərb dünyası Azərbaycana qarşı  məkrli planlarını işə salıb. Yenə də hüquqdan, qanun pozuntusundan dəm vururlar.

Azərbaycanda isə dünyaya gələn ikinci qız uşağına görə 10.000 manatdan dəm vuranlar nə xəyallar qurmamışdılar ki!.. Hətta kredit borclarını bağlayıb nağd pulla  maşın almaq sevdasına düşənlər də vardı.

Həftənin siyasi hesabatını təqdim edirəm.

Uzun müddətdir ki, Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təmsil olunduğu "Qarabağ" siyasi blokunun taleyi sual altında idi. Milli Məclisə keçirilən parlament seçkilərindən sonra blokun fəaliyyəti istiqamətində heç bir addım atılmırdı. Bu səbəbdən də  "Qarabağ" siyasi blokunun heç bir fəaliyyəti olmadığından buraxılıb. ADP sədri Sərdar Cəlaloğlunun təbirincə desək, əgər bir qurum faktiki olaraq fəaliyyət göstərmirsə, deməli, həmin qurumun fəaliyyəti dayandırılıb.

Bir halda ki, siyasi blokun fəaliyyəti gərəkli deyil, ondan danışmağa da dəyməz.

Rəsul Quliyevin Azərbaycan sevdası

Azərbaycan parlamentinin eks-spikeri, hazırda ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev isə  siyasi fəaliyyətlə məşğul olmasa da, siyasi proseslərə şərh verməkdən yorulmur. Belə anlaşılır ki, Rəsul müəllim ABŞ-da məskən salsa da, Azərbaycandakı siyasi mənzərəni analiz etməklə məşğuldur.   

Desəm ki, o zamankı AXC hakimiyyətinə qarşı hirsi soyuyub yalan olar. Hətta ABŞ mühiti belə, müxalifətlə köhnədən qalan hesabı qapatmağa təkan verməyib. Azərbaycan müxalifətinin xəmirinin 1988-ci ildən mayasız yoğrulduğu qənaətində olan  Rəsul Quliyev  özünü siyasi səhnədən kənarda təsəvvür edə bilmir. Əslində,  siyasi karyerasında dönüş etmək məsələsi də real görünmür.  2013-cü ilin prezident seçkiləri zamanı əsas siyasi fiqurlardan biri kimi Milli Şuraya üzv olsa da, seçkilərdən sonra tutduğu yoldan geri çəkildi.

49 yaşında siyasi karyerasına son qoyulan cənab Quliyev müxalifətin qanadlarından biri olsa da, heç vaxt bu siyasi cameənin üzvləri ilə anlaşa bilməyib. Müxalifətin mövcudluğuna dırnaqarası yanaşıb. İllərin ərsəyə gətirdiyi məsafə ayrılığı belə, kompromisə yol açmağa qadir olmayıb.

İndi Rəsul Quliyev də əvvəlki siyasi spiker deyil. Çünki yaş da o yaş deyil. Yaşının 70-ə doğru istiqamət alan vaxtında sabiq spikerin  bir arzusu var. Uzun illərin həsrətinə son qoyub Azərbaycana qayıtmaq. Amma bu qayıdış istəyi o qədər də asan görünmür. Çünki sabiq spiker heç cürə kompromisə getmək niyyətində deyil. Belə görünür ki, sabiq spikerin qərarı Azərbaycana gəlmək üçün kiməsə müraciət etməmək məsələsində qətidir.

Smitin erməni hiyləsi

Yola saldığımız həftə Milli Məclis növbəti plenar iclasını keçirdi. İclasda bir sıra məsələlər müzakirə edildi. O cümlədən ABŞ-ın Azərbaycana qarşı qərəzli mövqeyi də tənqid edildi.

ABŞ Helsinki Komissiyasının rəhbəri, ABŞ Konqresinin nümayəndələr Palatasının üzvü Kris Smit Azərbaycanda demokratiya aktı adlı qanun layihəsi hazırlayıb.

Həmin bu cənab Kristofer Smit ATƏT  Parlament Assamleyasında Amerika nümayəndə heyətinə rəhbərlik edir.  Həmçinin, ATƏT-in Minsk qrupunda ABŞ da təmsil olunur. Deməli, Azərbaycanı hüquqların pozulmasında ittiham edən cənab Smit, Azərbaycanın beynəlxalq aləmdə pozulan hüquqlarının müdafiəsinə də qalxa bilərdi.  Amma o, bunu etmədi. Ermənipərəst mövqe sərgiləməklə qərəzli mövqe nümayiş etdirdi.

Əslində, işğala məruz qalan Azərbaycan olsa da, çox vaxt Qərb dairələri  provakasiya xarakterli  çıxışlar edərək, sanki işğalçı dövlət Azərbaycandır təsiri bağışlamağa çalışır. Bununla da Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll edilməsi körüklənir.

ATƏT PA-nın baş köşəsində oturan Smit, doğma  yurdundan, torpağından didərgin düşüb qaçqınlıq həyatı yaşayan insanları nə görüb, nə də hüquqlarının pozulmasından xəbərdardır. Bu səbəbdən də  amerikalı deputatın vicdanı ədalətli hüquqi qərar verməyə tərpənməyib. Görünən odur ki, hər zaman erməni konqresmenlərin həndəvərində işğalçı dövlətin halına acıyıb.

Ona görə də cənab Smitin layihəsində Azərbaycanın yüksək çinli üzvlərinə ABŞ vizası almaq qadağasının qoyulmasının yer alması növbəti qərəzli yanaşmanı ortaya qoyur. Cənab Smit unudur ki, 20-ci əsrin ən dəhşətli terroruna məruz qalan Azərbaycan hər zaman terrorizmə, insan alverinə, hüquqların pozulmasına qarşı ABŞ-la eyni cəbhədə dayanıb. İndi belə bir qanun layihəsi hazırlamaqla Azərbaycanın beynəlxalq aləmdəki siyasi imicinə zərbə vurmaq niyyətindədirlər. ABŞ konqresində çoxluq təşkil edən ermənilərin hiyləsi bu dəfə də baş tutmayacaq. Çünki Azərbaycanın bu məsələdə mövqeyi  çox kəskindir.

"Qiymətə minən" qızlarımız.

Mentalitetdən irəli gələn adət-ənənələr  cəmiyyəti çox vaxt uçuruma aparır. Bir də görürsən ki, dünyaya gətirdiyi qız uşağı ilə qapısının kəndarından içəri təşrif buyuran qadın, gülərüzlə, xoş təbəssümlə yox,  şillə-təpiklə qarşılanır. Nə var nə var, dünyaya gələn oğlan yox, qız uşağıdır.

Adamlar var ki, kasad təfəkkülərində oğlan uşağı doğulmayan ailəyə birtəhər baxır. Deyir filankəs sonsuzdur. Soruşanda ki hansı əsasla bu qənaətə gəlmisən? Deyir, 2 ya da 3 qızı var, oğlu yoxdur.

Baxın, cəmiyyətdə paslanmış beyinlər kökündən transplantasiya olunmalıdır. Yoxsa ki, 5-10 manatı əllərinə verməklə  aydınlığa qovuşdurmaq fayda verməyəcək.

Bilmirəm hardansa bir xəbər peyda oldu ki, bəs ailədəki ikinci qız uşağına görə dövlət 10.000 manat pul verəcək. Qız uşaqlarının dünyaya gəlməsini  ana bətnində qətl etdirənlər ikinci övladının qız uşağı olmasını sidq ürəkdən arzulamağa başladılar. Təəssüf hissilə qeyd etməliyik ki, bu istək sırf qız uşağına olan sevgidən yox, ortada olan 10.000  söhbətinə görə idi. Lap  pula görə Məşədi İbada qız vermək sevdasına düşən Rüstəm bəy  kimi bir çox ailələr üçün də qız uşağı qurtuluş ola bilərdi. Amma olmadı.

Sonra bəlli oldu ki, dövlətin belə bir sifarişi mövcud deyil. Düzdür, bugünkü Azərbaycan ailələrində cinslərin bölünməsi məsələsində natarazlıq baş alıb gedir. Özü də bu, planlaşdırılmış şəkildə həyata keçirilir. Ultrasəs müayinəsi zamanı uşağın cinsiyyəti qızdırsa, evə getməyə tələsmək lazım deyil. Elə xəstəxana divarları arasında qız uşağı necə gəldi doğranaraq tələf edilir. Sonra da ağız dolusu gender bərabərliyindən danışırıq. Qadınların hüquqları belə gəldi, qadınlar cəmiyyətdə söz sahibi olmalıdır,  ailədəki zorakılığa boyun əyməməlidir və sairə.  

Görəsən, hansı zorakılıqdan danışırıq. Məgər, cinsiyyəti qız olan körpələrin dünyaya göz açmasına əbədi son qoymaqla gələcəkdə zorakılıqların inkişaf etdirilməsinə rəvac vermirik?! Əcəba, zorakılığa yol açan cəmiyyətdə hansı hüquqlardan danışmaq məqbul hesab edilir?! Əslində, gender bərabərliyinin pozulmasına elə ana bətnində nail oluruq.

İndi elə bir məqam gəlib yetişib ki, məktəbəqədər müəssisələrdə, orta məktəblərdə qız uşaqları əl-əl axtarılır. 10 ildən sonra oğlanlarımızı evləndirməyə qız da tapa bilməyəcəyik. Və beləliklə, kriminal aləm bir-birinə dəyəcək. Bir qızla ailə qurmaq üçün bir neçə oğlan mübarizə aparmalı olacaq. Bu mübarizənin sonu da yaxşı nədənsə xəbər vermir. Görünən odur ki, biz cəmiyyəti köklü dəyişikliklərə məruz qoyuruq.

İndi də bu tarazlığı balanslaşdırmaq fikrinə düşmüşük. Bu məsələdə dövlət daha çox düşünür. 10.000 manat məsələsi gerçək olmasa da, çıxış yolu kimi başqa variantlar üzərində iş gedir. Burda da başqa bir məqam diqqət çəkir. Tutaq ki, qız uşaqlarının sayını çoxaltmağa başlamışıq. Təbii, burda oğlan uşaqlarının tələf edilməsi məsələsi istisna deyil. Amma, bir məqam var.

Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir. Hələ Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayıb. Atəşkəsin bərpa olunmasına baxmayaraq, hər gün bir şəhid veririk. Deməli, qız uşaqlarının sayının artırılması məsələsində də ehtiyatı əldən verməməliyik.

Hətta, birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinin çoxlu sayda şəhidlər verməsi nəticəsində qızların nikaha daxil edilməsində problemlər mövcud idi. Ona görə də müharibə şəraitində yaşayan dövlətlərdə oğlan uşaqlarının sayı nə qədər çox olarsa, bu bir o qədər yaxşı haldır.  Çünki müharibənin itkisiz ötüşməyəcəyini hər kəs bilir. Amma, bu, çoxluq qız uşaqlarının tələf edilməsi hesabına qazanılmamalıdır. Bir sözlə, vətənə kişi  mütləq lazımdır. Cəmiyyətə isə kişini dünyaya gətirmək üçün qadın!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR