Qarabağ problemi: müharibə davam edir...

Qarabağ problemi: müharibə davam edir...
08:22 21 Dekabr 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistan prezidentlərinin ötən şənbə günü İsveçrənin Bern şəhərində keçirilmiş danışıqlarında nəinki münaqişənin nizamlanmasının yollarının axtarılmasında hansısa irəliləyiş olmayıb. Üstəlik prezidentlər heç atəşkəs barədə də razılaşmaya gələ bilməyiblər.

Bunu Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu hökm sürən vəziyyət barədə hər iki tərəfdən yayılan son məlumatlar və Minsk Qrupu həmsədrlərinin danışıqlara dair yaydıqları birgə bəyanat təsdiq edir.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi dekabrın 20-nə keçən gecə də təmas xəttində ağır artilleriyanın və minomyotların tətbiqi ilə döyüşlərin davam etdiyini bildirib.

Eyni zamanda Ermənistan tərəfi bildirir ki, Azərbaycan ordusu təmas xəttinin Ağdərə istiqamətində yenə də tankdan istifadə edib. Hərçənd ki, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan təmas xəttində dekabrın 20-nə keçən gecə vəziyyətin ötən günlərə nisbətən "qismən sakit" keçdiyini bildirir.

Azərbaycan Müdafiə Nazirliyinin bu günə olan döyüş xronikasında isə göstərilir ki, düşmən mövqelərinə onlarla atəş zərbəsi endirilib. Ötən həftə boyu gedən döyüşlərdə erməni silahlı birləşmələrinin azı 18 nəfər itki verdiyi təsbit olunub.

Həmçinin Azərbaycan ordusunun ötən gecə daha bir şəhid verdiyi açıqlanıb. Bu, Müdafiə Nazirliyinin son bir həftədə açıqladığı 4-cü əsgər itkisidir. Ermənistan tərəfin rəsmən açıqladığı itkilər isə 7-dir.

Cəbhə xətti boyu gedən son döyüşlərdə tankların da işə salınması vəziyyətin kifayət qədər dramatik xarakter aldığını göstərir. Bu, artıq atəşkəs deyil, müharibədir və Azərbaycan ordusunun sərəncamındakı bütün vasitələrdən istifadə etməklə düşmən hədəflərinə zərbə endirməkdə sərbəst olduğu artıq məlumdur. Çünki müdafiə naziri təmas xətti boyu mövqe tutan birləşmələrə belə əmr verdiyini çoxdan elan edib.

Bu baxımdan erməni tərəfinin Azərbaycan ordusunun düşmən mövqelərinə tanklardan zərbə endirməsini xüsusi təəscüb və həyəcanla vurğulaması anlaşılmaz görünür.

Minsk Qrupu həmsədrlərinin bəyanatında isə göstərilib ki, prezidentlər əsasən təmas xəttində "ağır texnikadan da istifadə olunmaqla" gedən döyüşləri müzakirə ediblər. Vəziyyətin gərginləşməsindən narahatlıq ifadə ediblər və təmas xəttində insidentlərin araşdırılmasına dair mexanizmlərin yaradılmasını dəstəkləyiblər.

Qeyd etmək lazımdır ki, bu, İlham Əliyevlə Serj Sərkisyanın bir ildən də çox davam edən fasilədən sonra baş tutmuş ilk görüşü idi. Ancaq prezidentlərin təkbətək görüşü cəmi 1 saat çəkdi. Bu da tərəflərin münaqişənin dinc yolla nizamlanmasına dair müzakirələrdə ortaq nöqtə tapa bilmədiklərini göstərir.

Əslində buna danışıqlar da demək olmaz. Belə görünür ki, tərəflər arasında uzun-uzadı görüşlər seriyası artıq arxada qalıb.

Bir halda ki Ermənistan tərəfi işğal etdiyi ərazilərdən çəkilmək və münaqişənin dinc yolla nizamlanması üçün siyasi iradə nümayiş etdirmir, on illərdir danışıqlar prosesindən ancaq vaxt qazanmaq və status-kvonu saxlamaq üçün istifadə edir,  o zaman hansısa Madrid prinsplərinin neçənci versiyası üzərində saatlarla səmərəsiz müzakirələr aparmağa nə ehtiyac var?

Azərbaycan prezidentinin Bern danışıqlarına razılıq verməsinin ancaq bir motivi olub: Ermənistan tərəfinə işğalın daha bir neçə on il davam etməsinin qeyri-mümkünlüyünü çatdırmaq və bu ərazilərdən çəkilmək barədə ultimatum vermək.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/391794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR