“Şekspir” Akademik Milli Dram Teatrında

“Şekspir” Akademik Milli Dram Teatrında
11:33 21 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Kişineudakı Ejen İonesko adına teatrın yaradıcısı və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq Rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, quruluşçu rəssamı Ramin Bəykişiyevdir. Səhnə əsərində Xalq Artisti Ramiz Novruz, Əməkdar artistlər Ayşad Məmmədov, Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Aslan Şirinov, Şəlalə Şahvələdqızı, Elşən Rüstəmov, aktyorlar Nigar Güləhmədova, Anar Heybətov və başqaları çıxış ediblər.
Tamaşanın süjeti belədir: ruhi-əsəb klinikasındakı pasiyentlərin hər biri öz xəyali qurduğu dünyada yaşayırlar. Ər-arvad daim öz ikili təbiətinin problemləri ilə baş-başadır. Stalin bütün günü törətdiyi əməllərin peşmançılığını çəkir. Sara Bernar hər dəqiqə özünü səhnədə təsəvvür edir. Baş həkim xəstələrin xəyali dünyasını dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir. Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində xoşbəxtdirlər. Bu şəraitdə onları yaşadan da budur. Xəstələrin ərzaqlarına əl uzatmaqdan belə çəkinməyən xəstəxana personalının hər cür təzyiq göstərdiyi, simasızlaşdırmağa çalışdığı pasiyentləri Şekspirin dühası öz ətrafında birləşdirir.
Tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə həyata keçirilən, GUAM ölkələrinin teatr əməkdaşlığını nəzərdə tutan “GUAM-ın teatr məkanı” layihəsi çərçivəsində nümayiş olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekspir_Akademik_Milli_Dram_Teatrinda-912858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR