“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklər edilib

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklər edilib
13:24 30 Dekabr 2014
164 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişiklər layihəsi müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, layihə barədə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.

 

Komitə sədri qeyd edib ki, qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə görə, hərbi qeydiyyat - Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.

 

Z.Əsgərov deyib ki, yeni layihə hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.

 

Qanuna əlavə edilən 28.6-cı maddəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR