İran: "Türkiyə Qüdsü işğal edən rejimlə əlaqələr qurur"

İran: "Türkiyə Qüdsü işğal edən rejimlə əlaqələr qurur"
12:17 21 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

İran üçün önəmli olan odur ki, müsəlman ölkələrinin siyasətində həm öz, həm də müsəlman xalqlarının mənafelərini nəzərə alsınlar. Xüsusi ilə bu, on illərdir İsrailin işğalına məruz qalmış məzlum Fələstin xalqının hüquqlarının bərpasına mənfi təsir göstərməsin.

APA-nın İran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadıq Hüseyn Cabiri Ənsari bu gün keçirdiyi mətbuat konfransında Türkiyə-İsrail münasibətlərinin bərpası perspektivi ilə bağlı sualı cavablandırarkən deyib.

Diplomat deyib ki, Türkiyə hökumətinin İsrail ilə əlaqələrin inkişafı istiqamətində yürütdüyü siyasət enişli-yoxuşlu olub. "Son illər sionist rejimin "Mərmərə" gəmisinə etdiyi hücumdan sonra Türkiyə  hökuməti İsrail ilə əlaqələri dondursa da, bir çox sahələrdə əlaqələr davam etdirilirdi".

O qeyd edib ki, bu gün regionda baş verənlər xoş deyil. "Türkiyə qonşu ölkələrlə problemləri olduğu halda Qüdsü işğal edən bir rejimlə əlaqələr qurur. Ümid edirik ki, Türkiyə hökuməti öz qonşuları ilə bağlı elə siyasətlər yürüdəcək ki, bu, regionda mövcud olan problemlərin həlli üçün şərait yaradacaq".

H.Cabiri Ənsari əlavə edib ki, İran Türkiyə ilə birlikdə mövcud regional problemlərin həllində yardımçı olmağa hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR