“The Jewish Press” qəzeti Azərbaycanın ABŞ üçün əhəmiyyəti barədə

“The Jewish Press” qəzeti Azərbaycanın ABŞ üçün əhəmiyyəti barədə
12:23 21 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 21 dekabr, AZƏRTAC
“The Jewish Press” Amerika yəhudi nəşrində “Qarabağ” Fondunun icraçı direktoru Diana Altmanın “Azərbaycanın ABŞ üçün əhəmiyyəti barədə” sərlövhəli məqaləsi dərc olunub
(http://www.jewishpress.com/indepth/analysis/appreciating-azerbaijani-acumen-for-u-s-sake/2015/12/20/). Müəllif Azərbaycanda qədim tolerantlıq ənənələri, o cümlədən ölkəmizin yəhudi icması və Amerika Birləşmiş Ştatları üçün Azərbaycanın əhəmiyyəti barədə söhbət açır. Məqalədə qeyd edilir ki, Azərbaycan İsrail və Birləşmiş Ştatlar üçün strateji əhəmiyyət kəsb edir, bu da öz növbəsində ABŞ-dakı yəhudi icması tərəfindən Azərbaycana diqqətin artmasına şərait yaradır. Lakin həmin ölkələrdə Azərbaycanın strateji əhəmiyyətinin dərk edilməsi üçün Azərbaycanda yaşayan yəhudilərin mədəniyyəti, ölkəmizdə multikulturalizmin güclü dinamikası və ABŞ-ın yəhudi icması ilə qarşılıqlı anlaşmanın əsasını təşkil edən mütərəqqi intellektual və mədəni irsə bələd olmaq lazımdır.
Müəllif müasir Azərbaycanda yaşayan yəhudilərin tarixindən söhbət açaraq yazır ki, Bakı şəhərində yaşayan Azərbaycan yəhudiləri neft sənayesində çalışır, mühəndis, musiqiçi, həkim, hüquqşünas kimi fəaliyyət göstərir, Quba yəhudiləri isə kənd təsərrüfatı ilə məşğul olurdu. Yəhudilər 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə də ölkənin inkişafında mühüm rol oynayıblar.
D.Altman ABŞ Dövlət Departamentinin Demokratiya, insan hüquqları və əmək münasibətləri bürosunun 5 yanvar 2015-ci il tarixli hesabatına istinadən qeyd edir ki, Azərbaycanda antisemitizm yoxdur və ölkə rəhbərliyi antisemitizm üçün hər hansı ilkin şərtlərin dərhal aradan qaldırılmasında mühüm rol oynayır.
Müəllif daha sonra təəssüflə qeyd edir ki, Amerika mediası müəyyən siyasi məsələlərə üzərində diqqəti cəlb edir və demək olar ki, heç vaxt Azərbaycan cəmiyyəti, Azərbaycan mədəniyyəti məsələlərinə əhəmiyyət vermir. Müəllif Qarabağ münaqişəsi mövzusuna toxunaraq qeyd edir ki, 1980-ci illərin axırlarında erməni silahlı dəstələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və işğalçılar həmin ərazidə Azərbaycanın mədəni irs obyektlərinin çox hissəsini məhv ediblər.
D.Altman məqalənin sonunda yazır ki, Amerika yəhudiləri Azərbaycan haqqında daha çox məlumata malik olmalı və ABŞ rəhbərliyini Azərbaycan kimi mühüm müttəfiqə lazımınca diqqət yetirməyə çağırmalıdırlar.

Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/The_Jewish_Press_qezeti_Azerbaycanin_ABS_uchun_ehemiyyeti_barede-912882

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR