Xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənməliyik

Xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənməliyik
13:05 21 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Manatın devalvasiyası insanların yaşayış səviyyəsini xeyli aşağı salacaq. İşsizlik, yoxsulluq, üstəlik də dollarla ödəniləcək kreditlər, başqa borclar.

Milli.Az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa Mərkəzi Bankın üzən məzənnə rejiminə keçilməsi barədə qərarına münasibətində belə deyib.

Onun sözlərinə görə, bu, Azərbaycandan asılı olan proses deyil: "Rusiyanın küstahlığı və ABŞ-ın neftlə bağlı canbazlığı vəziyyəti bu yerə gətirib çıxartdı. Uzun illər, yəqin ki, bu dalandan qurtulmamız mümkün olmayacaq".

Bununla belə, F.Mustafa Azərbaycan Mərkəzi Bankı tərəfindən "üzən məzənnə" ifadəsinin işlədilməsinin qəti əleyhinə olduğunu bildirib: "Bunun adı elə birbaşa kəskin devalvasiyadır və cəmiyyətlə açıq danışmaq daha doğru olardı. Azad iqtisadiyyat prinsipləri ilə uzun illərdir üzən vətəndaşlar hazırlamadan qeyri-neft sektorunun inkişafını kağız üzərində qabardanda, haçansa insanların real üzmək qabiliyyətini də düşünmək lazım idi. İndi manatımız dənizdə, göldə, çayda üzəcək, vətəndaş isə onun arxasınca üzə bilmir, o zaman hansı sosial gərginliklər yaşanacağını bir Allah bilir..."
 
Milli Məclisin üzvü hesab edir ki, ötən müddət ərzində inhisarçılığın azaldılmasına yönəlik ciddi iqtisadi siyasət izlənmədiyinə görə bundan sonra iş adamlarını yeni şəraitə uyğunlaşdırmaq da xeyli çətilnliklər yaradacaq: "Onsuz da, üzgüçülük üzrə heç bir mötəbər yarışda ciddi bir uğurumuz yoxdur... Yəni həm idman qaydasında, həm də iqtisadi qaydalarda üzmək qabiliyyətimiz, demək olar ki, sıfırdır. İndi bu qısa vaxt ərzində üzmək cəhənnəm olsun, heç olmazsa, xilasedicilər gələnə qədər batmamağın sirlərini öyrənmək məcburiyyətindəyik".

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR