Tehranda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçirilir

Tehranda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçirilir
14:03 21 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası öz işinə başlayıb.
İclasdan əvvəl komissiyanın həmsədrləri arasında geniş tərkibli xüsusi görüş keçirilib.
Sonra iclasın rəsmi açılışı olub, komissiyanın Azərbaycan və İran tərəfdən həmsədrləri çıxış ediblər.
Komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərindən sonra əlaqələrin inkişafı intensiv xarakter alıb. Azərbaycan İran ilə bütün sahələr üzrə əməkdaşlığa xüsusi önəm verir. Artıq tərəflər bir sıra sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurublar. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 500 milyon dollara yüksəlib. Bugünkü iclasda komissiyanın tərkibində yaradılacaq komitələr nəqliyyat, gömrük, energetika, səhiyyə, turizm, təhsil və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edərək konkret təkliflər irəli sürəcəklər.
Qeyd olunub ki, hər iki dövlətin dəstəklədiyi “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması istiqamətində də işlər davam etdirilir. Birinci mərhələdə Azərbaycan Astarasından İran sərhədinə kimi 8 kilometr dəmir yolu çəkiləcək. Bundan əlavə, uzunluğu 100 metr olan körpü də tikiləcək. Bütün bunlar yüklərin asan daşınmasına şərait yaradacaq.
Nəzərə çatdırılıb ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan üçün əhəmiyyətli bir dəhlizdir. İranla Rusiya arasında yük dövriyyəsi 10 milyon ton, Avropa ilə Hindistan arasında isə 25 milyon tondan çoxdur. Bu yükləri Azərbaycan üzərindən aparmaq daha asandır. “Biz yüklərin Azərbaycan üzərindən aparılması üçün prosedurları sadələşdirməyə çalışırıq. Prezident İlham Əliyevin Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Bu qurum bütün problemləri öyrənərək onların qısa zamanda aradan qaldırılmasına nail olacaq”, - deyə nazir Ş.Mustafayev bildirib.
Qeyd olunub ki, iqtisadi sahələrlə yanaşı humanitar məsələlərdə də əlaqələr mövcuddur və bu əlaqələrin də inkişafı zəruridir. Bakı Dövlət Universiteti ilə Tehran Universiteti arasında elmi əməkdaşlıq davam etdirilir. Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iranlı həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi nəzərə çatdırıb ki, özəl sektorun nümayəndələrinin əməkdaşlığı və qarşılıqlı investisiya qoyuluşu zəruridir. Bu ölkələrin iqtisadi inkişafına təkan verməklə yanaşı sərhədyanı bölgələrdəki əhalinin sosial vəziyyətinin yüksəlməsinə səbəb olar. Nazir bildirib ki, İran Azərbaycanla olan bütün gömrük-keçid məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsini istəyir. Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin uğurlu əməkdaşlığını nəzərə çatdıran M.Vaezi bildirib ki, muxtar respublika ilə İran arasındakı Culfa (İran)-Culfa (Azərbaycan) gömrük-keçid məntəqəsi 24 saat fəaliyyət göstərir və İran vətəndaşlarına sadələşdirilmiş viza rejimi tətbiq edilir.
Nazir yüklərin daşınması zamanı sənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində işlərin davam etdiyini də qeyd edib.
M.Vaezi deyib ki, İran Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verir və bu iclas rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərin inkişaf etməsində əhəmiyyətli rol oynayacaq.
Çıxışlardan sonra həmsədrlər mətbuat konfransı keçiriblər.
İclasda Azərbaycan Dövlət Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, xarici işlər nazirinin müavini Xələf Xələfov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov, Gömrük Komitəsinin, Nəqliyyat Nazirliyinin və başqa qurumların nümayəndələri iştirak edirlər.
Komissiyanın iclası dekabrın 22-də işini davam etdirəcək.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tehranda_Azerbaycan_ile_Iran_arasinda_iqtisadi_ticaret_ve_humanitar_saheler_uzre_Dovlet_Komissiyasinin_iclasi_kechirilir-912910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR