2014-cü ildə kimləri itirdik? - ARAŞDIRMA

13:32 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 13:30 ]

Bakı. Cavid Zeynallı - APA. 2014-cü ildə Azərbaycanın ədəbi və mədəni həyatında qazanılan uğurlarla yanaşı, itirdiyimiz dəyərli imzalar da az olmayıb.

Bu itkilərin yalnız bir qismini, əsasən mədəniyyət və incəsənət sahəsində itirdiklərimizi yada salacağıq.

 

APA-nın məlumatına görə, 2014-cü ildə Azərbaycan mədəniyyəti və ədəbiyyatı böyük itkilərlə üzləşib. 

 

Azərbaycanın əməkdar artisti, tanınmış kino və teatr aktyoru Ömür Nağıyev yanvarın 1-də vəfat edib. O, Bakıda dəfn olunub. Ö.Nağıyev 1953-cü ildə Bakıda anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino və televiziya rejissorluğu fakültəsini bitirib. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib, 30-dan çox filmdə çəkilib.

 

“Döngə”, “Burulğan”, “Səni axtarıram”, “Bağışla” kimi telepyesləri ilə məşhurluq qazanan yazıçı-dramaturq Aslan Qəhrəmanlı yanvarın 19-da 74 yaşında Bakıda vəfat edib. A.Qəhrəmanlı Ağstafa rayonunda dəfn edilib.

 

Ötən ilin böyük itkilərindən biri xalq yazıçısı İsa Muğanna (Hüseynov) olub. İ.Muğanna aprelin 1-də Bakıda vəfat edib, I Fəxri Xiyabanda torpağa tapşırılıb.

 

İsa Mustafa oğlu Hüseynov 12 aprel 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. “Saz”, “Tütək səsi”, “Teleqram”, “Kollu-koxa” “Məhşər”, “İdeal” kimi əsərlərin müəllifi olan yazıçı Azərbaycan ədəbiyyatının, romançılığının inkişafında böyük xidmətlər göstərib.

 

Bu il itirdiyimiz ədəbiyyat xadimləri arasında şair-publisist Tofiq Abdinin və Adil Mirseyidin də adı var. T.Abdin fevralın 24-də, Adil Mirseyid isə iyulun 17-də vəfat edib. T.Abdin Bakıda, A.Mirseyid Ağdaşda dəfn olunub.

 

Dövlət Musiqili Teatrının aktrisası Xanım Qafarova iyulun 11-də dünyasını dəyişib. Süd vəzisi xərçəngindən əziyyət çəkən aktrisa Kürdəxanı qəbiristanlığında dəfn olunub.

 

Professor Vaqif Arzumanlı iyulun 9-da Nabranda dünyasını dəyişib. Alimin xərçəngdən əziyyət çəkdiyi bildirilir. V.Arzumanlı Xudat qəbiristanlığında dəfn olunub.

 

Bu il yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya da vəfat edib. H.Dərya Bakıda dəfn olunub.

 

Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış bəstəkar Aqşin Əlizadə mayın 3-də vəfat edib. O, I Fəxri Xiyabanda dəfn olunub. A.Əlizadə Azərbaycanın “Şöhrət” (1997) və “Şərəf” (2012) ordenləri ilə təltif edilib.

 

Şair, Azərbaycan Yazıçılar Birliyinin katibi Ədalət Əsgəroğlu oktyabrın 1-də vəfat edib. Onun ölümünə səbəb infarkt olub. Ə.Əsgəroğlu Bakıda dəfn olunub. Şair “Özüm qürbətdə, gözüm vətəndə”, “Sabahını itirməyən adamlar”, “Məmləkətim canım mənim...” və s. kitabların müəllifidir. 

 

Yazıçılar Birliyinin katibi, filologiya elmləri doktoru Arif Əmrahoğlu 19 iyul tarixində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Ədəbiyyatşünas alim “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. A.Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.   

 

Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyət də 2014-cü ildə itirdiyimiz şəxslər arasında olub. O, avqustun 12-də səhər saatlarında dünyasını dəyişib, Bakıda dəfn olunub. C.Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyatı tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

 

Görkəmli yazıçı Ələviyyə Babayeva sentyabrın 23-də 93 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında həyat yoldaşının yanında dəfn olunmasını vəsiyyət edib. Ə.Babayeva “Adamlar və talelər”, “Səni axtarıram”, “Əlvida”, “Rəngbərəng yuxular” və s. kitabların müəllifidir.

 

Yazıçı-publisist Cəmil Əlibəyov 26 oktyabr tarixində 86 yaşında dünyasını dəyişib. Yazıçı "Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət", "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanlarının, "Qayaların göz yaşı", "Özümü axtarıram", "Analar", "Anam Arazım mənim" və digər povestlərin, bir neçə pyesin, ssenarinin, publisist kitabın müəllifidir.

 

Şair Dərviş Cavanşir dekabrın 15-də vəfat edib. Onun ilk dövrlərdə yazdığı ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə çap olunub.

 

Nurəngiz Gün dekabrın 20-də vəfat edib. Şairə xanımın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir. N.Gün 1938-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbində, sonra isə ADİU-da təhsilini davam etdirib. Oxucularla ilk görüşə "Ulduz" jurnalında dərc edilən "Tanrı" (1981) povesti ilə gəlib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR