“Teatr tarixinin Cahangiri tədqiqat müstəvisində” mövzusunda elmi-praktiki konfrans

15:13 21 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli aktyor və teatr xadimi, Azərbaycan professional teatrının banilərindən biri, pedaqoq Cahangir Zeynalovun anadan olmasının 150 illiyi münasibətilə elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Teatr tarixinin Cahangiri tədqiqat müstəvisində” mövzusuna həsr olunmuş konfrans Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən təşkil edilib.
AXTİ-nin sədri, Xalq Artisti Azərpaşa Nemətov çıxış edərək bildirib ki, Azərbaycan teatrının tarixi görkəmli dramaturq və teatr xadimləri ilə yanaşı, Cahangir Zeynalovun adı ilə də bağlıdır. Onun Bakıda fəaliyyət göstərən aktyor truppaları ilə yaxından əlaqəsi olub, daim şəhərdə qastrolda olan xarici teatrların tamaşalarını izləyib.
C.Zeynalovun teatra olan məhəbbətindən danışaraq bildirib ki, o, aktyor, rejissor, həm də yazıçı kimi fəaliyyət göstərib. Maddi cəhətdən çox imkanlı olması, eləcə də milli burjuaziyanın təmsilçisi kimi Azərbaycan teatrının tərəqqisi naminə etdiyi fədakarlıqlar çox olub. O, aktyorlara həmişə əl tutub, onlara maddi yardımlar edib, evində məşqlər, görüşlər keçirib, tamaşaların nümayişinə şərait yaradıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin Azərbaycan professional teatrının banilərindən sayılan Cahangir Zeynalovun 150 illiyinin keçirilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama əsasən ölkəmizdə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Konfransda sənətkarın yaradıcılığı, teatr və kino tarixindəki misilsiz xidmətlərinə dair məruzələr dinlənilib.
Teatrşünas, Əməkdar İncəsənət Xadimi Məryəm Əlizadə “Azərbaycan teatr mədəniyyətində Cahangir Zeynalovun yeri”, professorlar İlham Rəhimli “Azərbaycan teatr tarixi və Cahangir Zeynalov”, İsrafil İsrafilov “Cahangir Zeynalov: şəxsiyyət və zaman”, Aydın Talıbzadə “Kəblə Cahangirin teatrı”, Rafiq Sadıxov “Cahangir Zeynalov dövrün mətbuatında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Azərbaycan teatrının Cahangiri” mövzularını əhatə edən məruzələrdə bildirilib ki, Azərbaycan teatrını Cahangir Zeynalovsuz təsəvvür etmək olmaz. Qeyd olunub ki, 1885-ci ildən rollar oynamağa başlayan sənətkar realist aktyor məktəbinin banilərindəndir. Böyük komik istedada sahib olan C.Zeynalov həmdə güclü dramatik aktyor olub. Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Diqqətə çatdırılıb ki, o, teatr məktəbdir, aktyor isə müəllimdir fikrini əsas tutaraq xalqına xidmət edib.
Vurğulanıb ki, Cahangir Zeynalov teatr ictimaiyyəti tərəfindən təntənəli yubileyi qeyd edilən ilk Azərbaycan aktyorudur. Yubiley tədbiri aktyorun səhnə fəaliyyətinin 25 illiyi münasibətilə “Nicat” cəmiyyəti tərəfindən keçirilib.
Azərbaycan teatr tarixin ilklərə imza atan Cahangir Zeynalov ilk peşəkar aktyor, həm də yaşadığı evdə ilk teatr yaradan insan olub. Onun təşəbbüsü ilə parodiya teatrı yaradılıb.
C. Zeynalovun sənətinin qızı Nəsibə Zeynalova və nəvəsi Cahangir Novruzov tərəfindən davam etdirildiyi vurğulanaraq qeyd edilib ki, 130 ildir onun nəsli səhnədədir.
Tanınmış aktyor və rejissor, Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov babası ilə bağlı eşitdiyi xatirələri bölüşüb. O, ölkə başçısına Azərbaycan teatrına verdiyi dəyərin təzahürü olaraq imzaladığı Sərəncama görə minnətdarlıq edib.
O, deyib: “Sərəncama əsasən bütün teatr aləmində tədbirlər zəncirinin başladığını vurğulayaraq həm Teatr Xadimləri İttifaqının bir üzvü, həm də nəvə kimi teatra iz qoyub getmiş C.Zeynalovun yubileyinin qeyd olunması məni ancaq sevindirə bilər”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Teatr_tarixinin_Cahangiri_tedqiqat_mustevisinde_movzusunda_elmi_praktiki_konfrans-912940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR