“JNS.org” portalında Azərbaycan multikulturalizmindən bəhs edən məqalə yayılıb

15:53 21 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, oktyabrın sonu-noyabrın əvvəlində ABŞ-ın Kaliforniya ştatında yerləşən Sinay Məbədinin üzvlərindən ibarət 50 nəfərlik nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olub. Nümayəndə heyətinə Sinay Məbədinin böyük ravvini David Volpe rəhbərlik edirdi. Səfərin əsas məqsədlərindən biri Bakı Dağ Yəhudiləri Dini İcmasının sinaqoquna Müqəddəs Tövratın bağışlanması idi. Səfər çərçivəsində qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, Qırmızı Qəsəbədə olub, Xarici İşlər Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüşlər keçiriblər.
Bu səfərlə bağlı nümayəndə heyəti üzvlərinin xarici mətbuatda (“Time” jurnalı, “The Jerusalem Post” qəzeti, “JNS.org” portalı) bir neçə məqaləsi yayılıb.
Belə məqalələrdən biri də nümayəndə heyətinin üzvü Peter Rothholzun “JNS.org” portalında yerləşdirilən “Sinay Məbədi icması üzvlərinin Azərbaycana səfəri” adlı məqaləsidir.
Məqalədə deyilir ki, Sinay Məbədinin 45 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana 4 günlük səfərdən qayıdıb. Nümayəndə heyətinin bu ölkədə olmasının əsas məqsədi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sinaqoquna Tövratın təqdim edilməsi idi.
Nümayəndə heyətinə Sinay Məbədinin ravvini Devid Volpe və Keri Lerman (Sinay Məbədi kişilər klubunun rəhbəri) başçılıq edirdilər. Azərbaycanda olduqları müddətdə iştirakçılar paytaxt Bakıdakı, eləcə də Quba şəhərindəki sinaqoqlarda olub, burada ibadət ediblər. Bununla yanaşı, onlar Azərbaycanın dövlət qurumları nümayəndələri və dini icma rəhbərləri ilə də görüşüblər.
Məqalədə Azərbaycan, ölkənin əlverişli coğrafi mövqeyi, əhalisi haqqında ətraflı məlumat verilir. Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkədə 12 mindən çox yəhudinin, eləcə də xristianların və digər dinlərin nümayəndələrinin uzun illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşadıqları diqqətə çatdırılır.
Müəllif səfər zamanı nümayəndə heyətinin Bakıda yüksək səviyyəli görüşlər keçirdiyini bildirir. Xarici işlər naziri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri, İsrail və ABŞ səfirləri ilə görüş barədə məlumat verilir.
Məqalədə Keri Lermandan sitat gətirilərək bildirilir ki, Tövratın Bakı Dağ Yəhudiləri Dini İcmasının sinaqoquna təntənəli təqdimatı zamanı burada şən əhval-ruhiyyə var idi: “Biz rəqs edir, oxuyur, bu anların bizə bəxş etdiyi sevincdən həzz alırdıq. Biz həqiqətən bu vaxta kimi eşitdiklərimizin doğruluğunun canlı şahidi olduq. Antisemitizmin olmadığı Azərbaycan cəmiyyətində yəhudilər milli bütövlüyün mühüm tərkib hissəsini təşkil edir”.
Sinay Məbədi nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə reallaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/JNSorg_portalinda_Azerbaycan_multikulturalizminden_behs_eden_meqale_yayilib-912948

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR