Cahangir Zeynalovun 150 illik yubileyi münasibətilə elmi-praktiki konfrans keçirilib

16:57 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Report” xəbər verir ki, konfransda teatrşünas, əməkdar incəsənət xadimi Məryəm Əlizadə “Azərbaycan teatr mədəniyyətində Cahangir Zeynalovun yeri”, professorlar İlham Rəhimli “Azərbaycan teatr tarixi və Cahangir Zeynalov”, İsrafil İsrafilov “Cahangir Zeynalov: şəxsiyyət və zaman”, Aydın Talıbzadə “Kəblə Cahangirin teatrı”, Rafiq Sadıxov “Cahangir Zeynalov dövrün mətbuatında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov “Azərbaycan teatrının Cahangiri” mövzularını əhatə edən məruzələrlə çıxış edib.
Konfransda vurğulanıb ki, Azərbaycan teatrını Cahangir Zeynalovsuz təsəvvür etmək çətindir. Sovet dövründə Cahangir Zeynalovun adı lazımı qədər çəkilməyib. Yaradıcılığı tam açılmayıb. Teatrşünas İlham Rəhimli Cahangir Zeynalovun 42 səhnə əsərinə quruluş verdiyini deyib. Onun, dövrünün aktyorlarına maaş kəsdiyini deyən İlham Rəhimli, Azərbaycan teatr tarixində ilklərə imza atan Cahangir Zeynalovun ilk peşəkar aktyor, həm də yaşadığı evdə ilk teatr yaradan insan olduğunu bildirib.
Konfransda qeyd edilib ki, Cahangir Zeynalovun təşəbbüsü ilə parodiya teatrı yaradılıb. 1885-ci ildən rollar oynamağa başlayan Cahangir Zeynalovun realist aktyor məktəbinin banilərindən biri olduğu və təntənəli yubileyi qeyd edilən ilk Azərbaycan aktyoru olduğu bildirilib.
Elmi-praktiki konfransda Cahangir Zeynalovun nəvəsi, əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov çıxış edib. Cahangir Novruzov babasının xatirəsinə göstərilən hörmət və qayğıya görə, konfrans iştirakçılarına təşəkkür edib.
Qeyd edək ki, elmi-praktiki konfrans böyük teatr xadiminin yubileyi münasibətilə keçirilən ilk tədbir olub. Cahangir Zeynalovun təntənəli yubiley mərasimi isə, dekabrın 23-də Akademik Milli Dram Teatrında qeyd ediləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/cahangir-zeynalovun-150-illik-yubileyi-munasibetile-elmi-praktiki-konfrans-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR