Dubayda yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həllinə dair müzakirələr aparılıb

Dubayda yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həllinə dair müzakirələr aparılıb
18:03 21 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 21 dekabr, AZƏRTAC 
Dekabrın 21-də Azərbaycanın Dubay və Şimal əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay polis baş komandanı, general-mayor Xamis Matar Xamis Əl Muzeyna ilə görüşüb.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, görüşdə P.İsmayılzadə dünyada gedən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün dövlət proqramlarının, iqtisadi, regional və beynəlxalq layihələrin vaxtında həyata keçirildiyini, inkişaf dinamikasında heç bir temp zəifliyi hiss olunmadığını deyib.
Xamis Matar Xamis Əl Muzeyna böhranın əksər dünya ölkələrini əhatə etdiyi bir zamanda Azərbaycanın inkişafından və proqressiv iqtisadi siyasətindən xəbərdar olduğunu bildirib.
Görüşdə Dubayda yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Baş konsul soydaşlarımızın hüquqlarının qorunması və bərpası istiqamətində Dubay polisinin səmərəli fəaliyyətini yüksək qiymətləndirib. O, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Məktumun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünün Dubay və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu bildirib. Baş konsul əlaqələrimizin inkişafının daha bir göstəricisi kimi, noyabrın 10-dan etibarən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının Azərbaycana səfəri ilə bağlı sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu qeyd edib.
Daha sonra Baş konsul hüquq mühafizə orqanları arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Dubay polis baş komandanını münasib bir vaxtda Azərbaycana səfərə dəvət edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dubayda_yasayan_Azerbaycan_vetendaslarinin_huquqi_mustevide_uzlesdikleri_problemlerin_helline_dair_muzakireler_aparilib-913005

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR