[ 30 Dekabr 2014 13:26 ]
Bakı. Mübariz Aslanov – APA. Azərbaycan parlamentində hərbi rütbələrin verilməsində gecikmə halları tənqid edilib. APA-nın məlumatına görə, çıxış edən Fazil Mustafa bildirib ki, bu məsələ artıq problem halını alıb. O qeyd edib ki, hərbçilər vaxtında rütbə ala bilmirlər: “Məncə, vaxtında rütbələrin verilməməsinə görə qanunda məsuliyyət nəzərdə tutulmalıdır. Əgər rəhbər işçi göstərilən müddətdə rütbəni vermirsə, onda demək vəzifə səlahiyyətindən sui-istifadə edir”.
MM sədrinin 1-ci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, o artıq bu məsələ ilə bağlı müdafiə naziri və Baş Qərargah rəisi ilə müzakirə aparıb: “Bu məsələ qanunda dəyişiklik yox, qanunun icrası ilə bağlıdır. Bu problem var və biz bunu görüşümüzdə danışdıq. Qərar bu oldu ki, tezliklə məsələ həll olunacaq”.