Prezident İlham Əliyev lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzaladı

Prezident İlham Əliyev lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzaladı
21:28 21 Dekabr 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, “Lisenziyalaşdırma Qaydası”, “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”, “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” və “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı” təsdiq edilir.

Müəyyən edilir ki, bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir; bu fərmanın 4 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verirlər.

Nazirlər Kabinetinə lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmanın 2 nömrəli əlavəsinin 3-cü, 27-ci, 28-ci və 29-cu hissələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyətin Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bu fərmanın 5.1-ci bəndinə uyğun olaraq, lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin edəcəklər.

İqtisadiyyat və Sənaye Nazirliyi “Elektron lisenziya” portalının Əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

“Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı, 8-ci hissəsi istisna olmaqla, ləğv edilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2472338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR