Heydər Əliyev: İki epoxanın lideri

Heydər Əliyev: İki epoxanın lideri
21:33 21 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Moskva, 21 dekabr, AZƏRTAC
RF parlamentinin - Federal Məclisin “Rossiyskaya Federatsiya seqodnya” jurnalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş “İki epoxanın lideri” sərlövhəli məqalə dərc olunub. Məqalə müəllifi, politoloq, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlil Mərkəzinin MDB Ölkələrini Öyrənmə Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayev Moskva və Bakı arasında tərəfdaşlıq münasibətlərinin yaranmasında və qorunub saxlanılmasında Azərbaycan xalqının lideri Heydər Əliyevin rolu barədə düşüncələrini bölüşüb.
Müəllifin fikrincə, danılmaz həqiqətdir ki, Heydər Əliyev SSRİ tarixinin qürubunda digər tanınmış liderlər sırasında ən böyük siyasətçi kimi seçilirdi. O, Azərbaycan xalqının tarixində müstəsna yer tutur. Müəllif Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi həyatının üç əsas mərhələsini önə çəkir. Məqalədə deyilir: “Respublikanın iqtisadi quruluşunun dəyişərək, aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına keçidi yeni sıçrayış tələb etdi ki, bu da sovet bürokratiyasını silkələmədən mümkün deyildi. 1969-cu ilin yayında respublika rəhbərliyinə güc strukturlarının təcrübəli əməkdaşı, Azərbaycan DTK-nın rəhbəri Heydər Əliyev gəldi. Yeni iqtisadi siyasət 1970-ci illərin sonunda respublikaya polad, əlvan metallar prokatı istehsalçısı olmaq, mürəkkəb kimya və neft-kimya maşınqayırması komplekslərini, inkişaf etmiş elektrotexnika, radioelektronika, cihazqayırma sənayesi sahələrini yaratmağa imkan verdi.
A.Karavayev yazır ki, ikinci mərhələ onun Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövr, üçüncü mərhələ isə “müstəqil postsovet Azərbaycanın Prezidenti vəzifəsində on il sürən coşqun fəaliyyəti dövrüdür”.
Rusiyalı politoloq yazır: “Bu dövrlər sahib olduğu vəzifələrin miqyasına, hakimiyyət səviyyələrinə, üzərinə düşən öhdəliklərin coğrafi vüsətinə görə üst-üstə düşməsə də, bir-birindən ayrılmazdır və bir insanın taleyinə inteqrasiya olunub. Onları “Əliyev Azərbaycan üçün” və “Əliyev Rusiya üçün” epoxası adlandırmaq olar. Geniş kütlələr üçün o, Sovet İttifaqında azərbaycanlı uğurunun şelf-made rəmzinə çevrilib, postsovet dövrünə münasibətdə isə çox vaxt onu Azərbaycanın Atatürkü adlandırırlar”.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən danışan müəllif Xəzərdə karbohidrogenlərin hasilatına iri beynəlxalq investisiyaların cəlb olunmasını və Avropada ən iri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisini qeyd edərək xüsusi vurğulayır ki, Heydər Əliyev “Azərbaycanın hərtərəfli uğurlu inkişafı üçün uzunmüddətli zəmin yaratdı”.
Müəllif Rusiya–Azərbaycan münasibətlərinin möhkəmlənməsində ulu öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin roluna xüsusi diqqət yetirərək yazır: “Bu insanların idarəçiliyin müxtəlif sahələrindən, müxtəlif sovet respublikalarından, müxtəlif yaşda olmalarına baxmayaraq, bir dalğaya - 1980-ci illərin ortalarında Sovet İttifaqının transformasiyasının modernləşməsinə köklənmişdilər”. Müəllif daha sonra yazır: “İllər keçsə də, mahiyyətcə çox az şey dəyişib. Vladimir Putin və İlham Əliyev yenə də öz ölkələrində modernləşdirici-istiqamətləndirici elitanın flaqmanıdırlar...”
Müəllif hesab edir: “Sovet dövründə Heydər Əliyevin Sov.KP MK-nın Siyasi Bürosunun üzvü vəzifəsində populyarlığını yalnız o dövrün kontekstindən baş çıxarmaqla, o illərin rəhbərlərinin qavrama streotiplərini başa düşməklə anlamaq olar. Gəlin Heydər Əliyevin idarəçilik üsuluna nəzər salaq. Onu texnogen fəlakət yerlərinə dərhal getmək bacarığı, ölkənin iri tikintilərini şəxsən təftiş etmək, müxtəlif peşələrin və elitaların nümayəndələri ilə onların başa düşdüyü dildə danışmaq bacarığı fərqləndirirdi. Bütün bunlar o dövrdə bizim bu gün bildiyimiz və bəzən gördüyümüz siyasi və inzibati praktika kimi adi hal deyildi. Dəqiq göstərmək lazımdır ki, sovet durğunluğu dövründə rəhbərin “yerlərdə” şəxsən iştirakı ilə bağlı bu kimi hallar misli görünməmiş hadisə idi. O illərdə belə fəallıq Sovet cəmiyyəti üçün ən azı qeyri-adi idi, Heydər Əliyevin partiya rəhbərliyinin bütün səviyyələrindəki rəqiblərinin çoxunu isə qıcıqlandırırdı.
1986-cı il avqustun 31-də, axşam saatlarında “Admiral Naximov” sərnişin teploxodu Novorossiysk buxtasından çıxarkən yük gəmisi ilə toqquşur. Layner bir neçə dəqiqə ərzində suya qərq olur. Nəticədə yüzlərlə adam həlak olur. Elə həmin gecə Heydər Əliyevin başçılığı ilə operativ sürətdə hökumət komissiyası yaradılır. Düz üç saat sonra o, Anapaya uçur. Ondan yalnız xidmətlərin fəaliyyətini uzlaşdırmaq – zərərçəkənləri və onların qohumlarını yerləşdirmək, hadisəni araşdırmağa başlamaq və digər mexanizmləri işə salmaq tələb olunurdu. Bunun üçün maksimum üç gün lazım idi. Heydər Əliyev qəza yerində 20 gün qaldı. Həmin müddət ərzində o, gündə iki dəfə həlak olanların qohumları ilə görüşür, onların ağrı-acısını öz dərdi kimi qəbul edirdi. Axı buna məcbur deyildi. Sovet gerçəkliklərində hətta çox istəsən belə bu cür siyasi kapital toplamaq qeyri-mümkün idi, lakin Heydər Əliyev fəlakətə uğrayanların yanında qaldı. Şahidlər belə bir məqamı xatırlayırlar. Görüşlərin birində Heydər Əliyevə bir qoca yaxınlaşır. O, arvadını və qızını itirmişdi. Dəfn etmək üçün hər ikisini vətənə- Leninqrada aparmışdılar, amma yerli hakimiyyət orqanları onları bir qəbiristanda dəfn etməyə icazə vermirdi. Heydər Əliyev elə oradaca Leninqradın hakimiyyət orqanları ilə əlaqə yaradaraq bu problemi həll etdi. Həmin günlərdə bu adi hadisə idi...
Sovet rəhbərlərindən heç biri son dərəcə müsibətli günlərdə zərərçəkənlərə belə həssas münasibət göstərməmişdi (qarşıda isə silsilə fəlakətlər gözləyirdi). Heydər Əliyevin Baykal-Amur Magistralının (BAM) tikintisindəki rolu da yaxşı məlumdur. Lakin bu, onun vəzifələrindən yalnız biri idi: Heydər Əliyevə SSRİ-nin bütün nəqliyyat şəbəkəsinə nəzarət həvalə edilmişdi. O, yeni avtomatlaşdırılmış bilet satışı sistemini tənzimləmək, vaqonların reyslərə hazırlığı, yolda sərnişinlərə bərbad xidmət göstərilməsi ilə bağlı vəziyyəti düzəltmək məcburiyyətində idi. Heydər Əliyevlə işləyən adamlar onun bu sahədə kreativ, mürəkkəb, bəzən qeyri-populyar və riskli qərarlar qəbul etmək bacarığını vurğulayırdılar. Onun idarəçiliyinin keyfiyyətini gələcək nəsillər qiymətləndirdi. 2008-ci iyulunda BAM-ın ən iri stansiyalarından birinə Heydər Əliyevin adı verildi...
H. Əliyevin fəaliyyəti məzmununa görə Sovet İttifaqının texniki geriliyi çağırışına cavab idi. Təqribən 12 nazirlık onun nəzarətində idi. Maşınqayırma, yüngül sənaye, nəqliyyat və rabitəyə kuratorluq etmək ona həvalə edilmişdi. Mədəniyyət və təhsil sahələri də onun sərəncamında idi.
Zənnimcə, qəhrəmanımızın şəxsiyyətinə diqqətin mənbəyi də elə buradan qaynaqlanır: onu təkcə arxiv sənədlərini öyrənən mütəxəssislər deyil, həm də hazırda yaşayan və mövcud təhsil və səhiyyə sistemlərində, MDB ölkələri ərazisində çoxsaylı kiçik və iri müəssisələrdə, iri sovet dəmir yolu magistralında onun zəhmətinin bəhrəsini görənlər də yüksək qiymətləndirirlər. Çox işlər bilavasitə onun iştirakı və ya şəxsən onun bəyəndiyi təşəbbüs sayəsində görülüb və edilib”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_Iki_epoxanin_lideri-913117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR