Yaponiyanın Vaseda Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib

Yaponiyanın Vaseda Universitetində Azərbaycanla bağlı təqdimat keçirilib
21:58 21 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 21 dekabr, AZƏRTAC
Yaponiyanın Vaseda Universitetində Azərbaycan səfirliyi tərəfindən ölkəmiz haqqında təqdimat təşkil edilib.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizin tarixi, daxili və xarici siyasəti, iqtisadi inkişafı barədə məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlətçiliyin möhkəmləndirilməsi yolunda inamla addımladığı, dünya miqyasında özünü doğrultmuş dövlət kimi mövqe tutduğu, ölkədə sosial-iqtisadi islahatların uğurla həyata keçirildiyi bildirilib. Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələr haqqında geniş danışılıb.
Ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunub.
Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanıb, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji mənbələri sahələrində geniş imkanların mövcud olduğu bildirilib.
Təqdimatda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın ərazisinin 20 faizinin ermənilər tərəfindən işğal olunması, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi haqqında da məlumat verilib.
Bundan başqa, Azərbaycan ilə Yaponiya arasında diplomatik əlaqələrin qurulması və son illər münasibətlərdə əldə edilmiş nailiyyətlərə toxunulub. Səfir ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin iki ölkənin münasibətlərində əlamətdar hadisə olduğunu söyləyib, Prezident İlham Əliyevin 2006-ci ildə rəsmi səfərinin isə əlaqələrimizin inkişafına növbəti stimul verdiyini bildirib. 2015-ci ilin ikitərəfli münasibətlərdə dinamikliyi ilə seçildiyi, bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.
G.İsmayılzadə iki xalq arasında əlaqələrin genişləndirilməsində tələbələrin böyük rol oynadığını qeyd edərək, Bakı Dövlət və Azərbaycan Dillər universitetlərində yapon dilinin tədris olunduğunu bildirib, azərbaycanlı tələbələrin Yaponiyanın bir sıra universitetlərində təhsil aldığı barədə məlumat verin. O, Vaseda Universitetinin tələbə və müəllim heyətinin cari ilin oktyabr-noyabr aylarında Azərbaycana səfəri haqqında da bəhs edib.
Cari ilin iyun ayında “Bakı-2015” ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bundan əlavə, səfir 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının da Bakıda keçiriləcəyini qeyd edib, bunun Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirdiyini vurğulayıb.
Təqdimatda zəngin mədəni-tarixi irsə və təbii sərvətlərə malik Azərbaycanda turizmin əksər növlərinin inkişaf etdirilməsi barədə də məlumat verilib. Bu istiqamətdə aparılan genişmiqyaslı layihələr barədə danışan səfir son illərdə Azərbaycanda beşulduzlu otellərin, istirahət mərkəzlərinin, o cümlədən “Şahdağ” qış-yay turizm kompleksi və “Tufan” Dağ-Xizək Yay-Qış istirahət komplekslərinin istifadəyə verildiyini bildirib.
Tədbirdə Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən videofilm nümayiş etdirilib, yapon dilində nəşr olunan “İRS-İsan” jurnalının son nömrəsinin təqdimatı keçirilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Vaseda_Universitetinde_Azerbaycanla_bagli_teqdimat_kechirilib-913123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR