Astara-Astara dəmir yolu körpüsünün tikintisi ilə bağlı müzakirələr aparıb

Astara-Astara dəmir yolu körpüsünün tikintisi ilə bağlı müzakirələr aparıb
11:13 22 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsü tikinti layihəsi üzrə Azərbaycan və İİR Dəmir Yollarının İşçi Qrupunun iclası keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, iclasda QSC sədri Cavid Qurbanov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirdiyini söyləyib. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
İİR-in Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.
Sonra “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün layihəsi müzakirə olunub.
Müzakirələr zamanı bildirilib ki, tərəflər 2015-ci il noyabrın 8-9-da Tehran şəhərində mütəxəssislərin iştirakı ilə keçirilmiş iclasın protokolunun maddələrinin qüvvədə qaldığını təsdiq ediblər. İran tərəfi dekabrın 14-də körpünün layihəsinin 5 variantını Azərbaycan tərəfinə təqdim edib, Azərbaycan tərəfi isə dekabrın 16-da ikinci variantı (3x26,75) seçərək qəbul etdiyi barədə İran tərəfinə məlumat verib.
İclasın sonunda müvafiq protokol imzalanıb.
Protokola əsasən, qərara alınıb ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasının təşkil olunması məqsədilə Azərbaycan sərhədini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəssislərinin Azərbaycan sərhədinə girişini təmin edəcək. Bununla bağlı dekabrın 25-27-də tərəflərin mütəxəssislərinin görüşü təşkil ediləcək.
Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycandan İrana gedən istiqamətdə 1520 millimetr standartlı dəmir yolu xətti sağda, 1435 millimetr standartlı dəmir yolu xətti isə sol tərəfdə yerləşəcək. İrandan Azərbaycan istiqamətində isə 1520 millimetr standartlı dəmir yolu solda, 1435 millimetr standartlı dəmir yolu xətti isə sağda yerləşəcək.
Eyni zamanda, dekabrın 27-də layihənin icra olunası yerdə dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştiraki ilə görüşün təşkil olunması və körpünün sıfır nöqtəsinin təyin olunması qərara alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astara_Astara_demir_yolu_korpusunun_tikintisi_ile_bagli_muzakireler_aparib-913180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR