Amerikanları qaşıyanda altından kimlər çıxır?

Amerikanları qaşıyanda altından kimlər çıxır?
12:47 22 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Napoleon Bonapart deyirdi ki, hər bir rusu qaşısan, altından türk çıxacaq. Bəs amerikanlını qaşıyanda altından kimlər çıxır?

9 il əvvəl ABŞ Dövlət Departamentinin dəvəti ilə bu ölkədə olanda mən də səfər yoldaşlarım kimi normal olaraq Azərbaycana qayıdanda qohum-əqrəbaya, dost-tanışa hədiyyə vermək üçün suvenirlər alırdım. Amma çox maraqlıdır ki, olduğum 12 şəhərdə hansı suvenirə əl atırdımsa, üstündə "Made in China" yazıldığını görürdüm. Artıq bütün rəsmi və qeyri-rəsmi görüşlərimizdə amerikanlara zarafatla da olsa, "Amerikanı Çində istehsal ediblər" deyirdim. Onlar da bunu normal qəbul edirdilər.


Bəs bu Çində istehsal olunan ölkəni idarə edənlər kimlərdir? Rəsmi olaraq ölkəni prezident, Konqres, Senat və müxtəlif departamentlər idarə edir. Bəs onları kim yönləndirir? Amerikanlar? Məlumdur ki, amerikan adlı millət yoxdur, bu, müxtəlif milətlərin nümayəndələrindən ibarət "yığma komanda"dır. Əvvəllər deyirdilər ki, Amerikanı ingilislər idarə edir, daha sonra irland və italyanların da adı bu sıraya əlavə olundu. Yəhudilərin dünya maliyyə bazarında möhkəmlənməsindən sonra xeyli vaxtdır ki, bütün dünyada belə bir rəy formalaşıb ki, ABŞ-ı guya yəhudilər idarə edirlər.

ABŞ-da deyirlər ki, bu ölkədə kiçik rüşvət faktları, demək olar ki, yoxdur. Belə hal olanda həmin insanlar çox uzağa gedə bilmir və qısa müddətdə həbs olunurlar. Amma böyük məbləğdə rüşvət alanlara heç nə edilmir. Hətta bununla bağlı orada çoxsaylı lətifələr də dolaşır. Həmin böyük rüşvətxorların sırasında ən öndə gedənlərdən biri isə qanunları qəbul edən konsresmenlər və senatorlardır. Buna artıq hamının normal qəbul etdiyi bir ad da qoyublar - lobbiçilik. Bu yolla azərbaycansayağı desək, kim pulunu versə, toyda musiqini də o sifariş edir. Üstünə bir az təəssübkeşlik də əlavə edəndə, bu ölkənin idarəçilik mexanizminin mənzərəsi tam bəlli olur.


İndi isə məlum olur ki, amerikanların hamısının olmasa da, ABŞ-ı idarə edən amerikanları qaşıdıqda altından çıxanların arasında ermənilər də var.

1992-ci ildə ABŞ Konqresi tərəfindən erməni lobbisinin təşəbbüsü ilə "Azadlığa Dəstək Aktı"na məntiqsiz və qərəzli "907-ci düzəliş" qəbul edildi və Amerikanın totalitar SSRİ-nin caynağından yenicə qurtulmuş, təzəcə müstəqillik qazanmış Azərbaycana birbaşa dövlət yardımı yasaqlandı.

Hamıya məlumdur ki, "demokratiyanın bərqərar olması"na qulluq edən bu düzəlişin müəllifləri erməni-xristian təəssübkeşi olan kəslər idi. Onlardan biri isə indi ABŞ Helsinki Komissiyasında təmsil olunan Kristofer Smitdir. O, ermənilərin işğalçılıq siyasətinə bəraət qazandıran, Dağlıq Qarabağın müstəqilliyi ideyasını təbliğ edən və bu istiqamətdə canfəşanlıq göstərən şəxslərdəndir. O, ABŞ-da həmçinin "erməni soyqırımı"nı tanımanın ən fəal tərəfdarı, Türkiyəyə və türk dünyasına qarşı düşmən münasibəti ilə də tanınır. K.Smitin ABŞ-dakı Erməni Milli Komitəsinin (ANKA) rəhbərliyi sıx təmasda olduğu və onlardan maddi-mənəvi dəstək aldığı da bəllidir.


İndi bu siyasətbaz Konqresə "Azərbaycan Demokratiya Aktı" adlı layihəni təqdim edərək onun qəbul olunmasını istəyir, hətta tələb edir. Əcəba, onun Azərbaycanda demokratiya sevgisi haradan yarandı?

Əslində K.Smit Azərbaycana "demokratiya qayğısının" arxasında ölkəmiz haqqında "antidemokratik" imic formalaşdırmaq, ermənilərin ABŞ-da və beynəlxalq aləmdə mövqelərini gücləndirmək, ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir.

K.Smitin Konqresə təqdim etdiyi qanun layihəsində göstərilir ki, dövlət rəhbərliyi, hökumət adamları, millət vəkilləri və onların ailələri - hətta "hakimiyyətlə hər hansı formada təmasları və əlaqələri olan iş adamlarının özləri və ailələri"nin ABŞ-a girişi yasaqlanır, onların daşınmaz əmlaklarına və bank hesablarına həbs qoyulur.

Nyu-Cersi ştatından seçilmiş respublikaçı konqresmen Kristofer Smit deyir: "Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz".

O deyir ki, Birləşmiş Ştatlar Bakıya heç bir şəkildə güzəşt etməyəcək: "Sanksiyalar yalnız Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin qısnanmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsində əhəmiyyətli tərəqqi etdiyi halda qaldırıla bilər".

Konqresə təqdim olunan layihəyə aid ümumi məlumatda qeyd edilir ki, Azərbaycanda artıq ikinci onillikdir, eyni siyasi partiya hakimiyyətdə qalır. Yəni qaşıyanda altından başqa şeylər çıxan konqresmenlər açıq-aydın Azərbaycanda hakimiyyəti dəyişmək istəklərini ortaya qoyurlar.


Əvvəla, qeyd edim ki, Vaşinqtonun çox önəmli strateji müttəfiq ölkə hesab etdiyi bir sıra ölkələrdə insan haqları Azərbaycanla müqayisədə bərbad vəziyyətdədir. Konstitusion hüquqlara gəlincə, ABŞ-ın dostu olan bəzi ölkələrdə ümumiyyətlə konstitusiya yoxdur.

ABŞ Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində gülməli məqamlar var. Guya Azərbaycanda baptistlərə, protestantlara qarşı hansısa ayrı-seçkilik, məhdudlaşdırma var. Əvvəla, ABŞ-dan fərqli olaraq Azərbaycan bütün dünyada tolerantlığı ilə ad çıxarıb. Bundan başqa, digər dinlərin nümayəndələri kimi xristian dininə də aid bütün cərəyanların, təriqətlərin icmaları da Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Yalnız o icmalara icazə verilmir ki, radikal xarakterlidirlər və provaslav və katolik kilsələrinin hökmran olduğu ölkələrində də onlara icazə verilmir. O kitabların yayılması qadağan edilir ki, hansı ki onlar bütövlükdə xristian dünyasında qadağan edilib.

Əslində belə bir qanun layihəsi Ermənistanla bağlı olmalı idi. Çünki qonşu dövlətin ərazisini 20 ildən artıqdır işğal altında saxlayan bu ölkənin rəhbər kriminal rejim nəinki Azərbaycan vətəndaşlarına qarşı soyqırım aktının birbaşa iştirakçısı olub, eyni zamanda, öz ölkəsinin vətəndaşlarının da qəniminə çevrilib.


Xatırladım ki, 2012-ci ildən bəri ABŞ Helsinki Komissiyasında Gürcüstan və ya Ermənistanla bağlı heç bir toplantı, iclas və ya müzakirə keçirilməyib. Amma son 2 ildə Azərbaycan düz 10 dəfə bu komissiyasının nişangahına tuş gəlib.

ABŞ-ın Helsinki Komissiyası Vaşinqtondan Azərbaycanla ümumiyyətlə bütün iqtisadi və maliyyə əlaqələrinin kəsilməsi, enerji daşıyıcılarının hasilatına, nəqli sahəsindəki əməkdaşlığa, Azərbaycanda dövlət qurumlarının həyata keçirdikləri bütün layihələrə ABŞ-ın maliyyə dəstəyinin verilməsinə son qoyulması tələb olunur. Layihə həmçinin "Azadlığa Dəstək Aktı"na edilmiş "907-ci düzəliş"ə prezident tərəfindən qoyulmuş vetonun ləğvini nəzərdə tutur.

Qanun layihəsində ABŞ-ın Ticarət və İnkişaf Agentliyindən Azərbaycanla bütün əlaqələrin dayandırılması tələb olunur. Bu isə Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Asiya İnkişaf Bankının, Avropa Birliyinin İqtisadi Komissiyasının və digər beynəlxalq qurumların rəsmi Bakı ilə əməkdaşlığının dayandırılmasını tələb etmək deməkdir. Layihə Azərbaycanın xaricdəki bütün biznes strukturlarının, layihələrinin, müqavilələrinin təftiş edilməsini və fəaliyyətinin qadağan olunmasını ehtiva edir.

İndi özünüz baxın, bütün bunların Azərbaycanda demokratiya qurmaq istəyi ilə nə əlaqəsi var?

Rəsmi Vaşinqton dəfələrlə bəyan edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Əvvəla, Azərbaycan beynəlxalq antiterror koalisiyasının fəal üzvüdür, NATO-ya aid hərbi yüklərin Əfqanıstana daşınmasında mühüm tranzit ölkədir. Bu tranzit xüsusən Rusiya -NATO münasibətlərinin pozulması fonunda çox taleyüklü rola malikdir. Bundan əlavə, Azərbaycan beynəlxalq sülhməramlı qüvvələrin tərkibində iştirak edir, əfqan ordusunun təchizatına, təlimlər keçirilməsinə öz töhfəsini verir. Azərbaycan həmçinin Əfqanıstanın yenidən qurulması, bu ölkədə infrastruktur layihələrin həyata keçirilməsində də fəal iştirakçıdır. Eyni zamanda ABŞ və Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq mövcuddur.

Əslində Helsinki Komissiyasının layihəsinin hər il olduğu kimi Yeni il ərəfəsində dövlət başçısı tərəfindən Əfv sərəncamının veriləcəyinin gözlənildiyi vaxtda ortaya çıxması təxribat xarakterlidir. Bu "çoxbilmişlər" əslində Azərbaycanı tövrdən çıxarmaq, onu düşünülməmiş addımlar atmağa vadar etmək istəyirlər və unudurlar ki, Azərbaycan belə təxribatlarla çox üzləşib və "tırka"ya gedən deyil.

Əgər Konqres erməni lobbisinə uyaraq belə bir layihəni qəbul edərsə, bundan daha çox itirən tərəfin Azərbaycan olmayacağı ABŞ-dakı dairələrə yaxşı bəllidir. Amma buna baxmayaraq, amerika vergi ödəyicilərinin hesabına mənsəb qazanmış bəzi qüvvələr ABŞ-ın maraqlarına və iki ölkə arasındakı əməkdaşlığa zərbə vurmaq iddiasındadırlar.

Qanun layihəsinin qəbul olunması ehtimalı az olsa da, onu istisna da etmək olmaz. Amma tarixi təcrübə göstərir ki, ABŞ sanksiayalar tətbiq etdiyi ölkələrə, demək olar ki, həmişə uduzub.

Aydındır ki, məşhur "Monro doktrinası"na söykənən ABŞ siyasətinin kökündə heç də demokratiya və insan haqları deyil, iqtisadi və digər maraqlar durur. ABŞ-ın bu maraqları hər zaman zühur edə bilər. Onların fikrincə, belə olan halda həmin dövlətlər tam olaraq ABŞ-ın təsiri altına keçməli, ona qarşı "eşidirik və itaət edirik" prinsipi ilə hərəkət etməlidirlər. "907-ci düzəliş" faktı göstərir ki, Azərbaycan hələ müstəqilliyinin ilk günlərindən ABŞ-ın ciddi təzyiqi altındadır və "yankilər" artıq 25 ilə yaxındır ki, Azərbaycanı "haqq yolu"na gətirməyə çalışırlar. Lakin regiondakı digər dövlətlərdən fərqli olaraq heç kimin boyuduruğuna keçmək istəmir. Belə olan halda onun ABŞ-ın tənqid hədəfinə çevrilməsi və təzyiqlərin artması təbiidir.

Fikrimcə, qarşıdakı illərdə bu təzyiq nəinki azalacaq, əksinə, bir qədər də artacaq...

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR