Azərbaycanda qadın sahibkarlığının inkişafı müzakirə edilib

Azərbaycanda qadın sahibkarlığının inkişafı müzakirə edilib
13:13 22 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycanda qadın sahibkarlığının inkişafına dair “Açıq qapı günü “ vətəndaş forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova açıq elan edib. Bildirib ki, Komitənin yaranmasına gedən yol 90-cı illərdən başlayıb. Müasir dövrdə cəmiyyətdə Azərbaycan qadınının fəal iştirakının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Onun ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycanda qadın hərəkatı yeni vüsət alıb, dünya qadın hərəkatının bir qolu olan Azərbaycan Qadınlar Şurası özünün yerli bölmələri ilə birlikdə, qadın problemləri və hüquqları sahəsində aparılan mübarizənin ön cərgələrində dururdu. H.Hüseynova diqqətə çatdırıb ki, gender siyasətinin daha da inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası gender bərabərliyi və qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Eyni zamanda, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bir sıra qanunlar qəbul olundu. Böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun olması idi. Komitə sədri bildirib ki, 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikası Prezidentinin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaradır. Diqqətə çatdırıb ki, qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasında bu sənədlərin əhəmiyyəti çox böyükdür.
Dövlət komitəsinin sədri bildirib ki, zaman keçdikcə, ölkədə ailə, qadın və uşaq məsələləri kompleks yanaşma tələb edirdi. Və bu zərurət yeni Komitənin yaranmasına səbəb oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahələrində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini və inkişafını təmin edir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. H.Hüseynova dedi: “Biz hər zaman dövlətimizin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyini və diqqətini hiss edirik”.
H.Hüseynova qeyd edib ki, hazırda ölkəmizdə iki milyondan çox ailə vardır. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. Sağlam ailə sağlam nəsil, sağlam millət deməkdir, deyə əlavə edən Komitə sədri qeyd edib ki, qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə təsbit olunub. Onun sözlərinə görə, qəbul olunmuş bir sıra dövlət proqramları, o cümlədən, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm əhəmiyyət daşıyır. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqqında Konvensiyaya (CEDAW) qoşulması ilə əlaqədar Azərbaycan hökuməti mütəmadi hesabatlar verir. Qeyd edib ki, qadınlarin ictimai-siyasi fəallığı da artmaqdadır və hazırda minlərlə qadın müxtəlif qeyri-hökumət təşkilatların rəhbərləri, ictimai-siyasi partiyaların sıravi və ya Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir.
H.Hüseynova bildirib ki, Komitə tərəfindən qadın sahibkarlığının gücləndirilməsi üçün maarifləndirici tədbirlər həyata keçirir, xüsusilə kənd yerlərində qadın sahibkarlığının inkişafı üçün işlər aparır. Komitə sədrinin sözlərinə görə, bütün bu göstəricilər qadınlarımızın fəallığının ildən-ilə artmasının bariz nümunəsidir.
Forumda ölkəmizdə sahibkarlıq üzrə fəaliyyət göstərən qadınlar, eyni zamanda qeyri-hökumət təşkilatlarının nümayəndələri məruzələrlə çıxış ediblər. Tədbirdə qadın sahibkarlığının inkişafı sahəsi üzrə nailiyyətlər və problemlər müzakirə edilib, qadınların əmək və digər iqtisadi hüquqlarının müdafiəsi istiqamətində atılan addımlardan danışılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_qadin_sahibkarliginin_inkisafi_muzakire_edilib-913242

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR