Əlimizi uzatmışıq, qolumuzu qoparmayın!

Əlimizi uzatmışıq, qolumuzu qoparmayın!
13:52 22 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Trans-Adriatik qaz ixracı boru kəməri (Trans Adriatik Pipeline - TAP) Xəzər qazının Yunanıstan və Albaniyadan keçməklə Adriatik dənizi ilə İtaliyaya, daha sonra isə İtaliyadan Qərbi Avropa ölkələrinə nəqlini nəzərdə tutur. 2000-ci illərin ikinci onilliyində gündəmə gəlmiş layihə Avropanın enerji təhlükəsizlyinin təmin edilməsində mühüm addım hesab edilməklə yanaşı, Avropa İttifaqının 21-ci əsr enerji təhlükəsizliyi xartiyasının bir parçasıdır.

Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin "Axpo" şirkəti irəli sürüb.



TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini ehtiva edir.

Türkiyə baş naziri Əhməd Davudoğlu Bakıya son səfəri zamanı bildirdi ki, Azərbaycan qazının Türkiyəyə nəqlini təmin edəcək TANAP layihəsinin inşası sürətləndiriləcək və layihənin artıq 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın mövcud enerji ehtiyatları ənənəvi bazarlar üçün bəs edir. Bundan əlavə, indi Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir zamanda Türkiyə bazarında bizim üçün əlavə imkanlar açılır. Belə olduğu təqdirdə, Azərbaycanın əlavə maddi və siyasi risklərə gedərək TAP layihəsində iştirak etməsi nə dərəcədə zəruri və məqsəduyğundur?

Proqnozlara əsasən, TAP kəmərinin tikintisinə 3 il tələb olunurdu. "Şahdəniz"in ikinci fazasında hasilata isə 2016-cı ildə başlanmalı idi.

Avropanın qaz təminatının 42 faizinin Rusiyanın əlində olduğu və şimal qonşularımızın bunu daim "kozır" və təzyiq vasitəsi kimi istifadə etdiyi məqamda Azərbaycanın köhnə qitənin qaz bazarına girməsi Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Hazırda bəzi Avropa ölkələrinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Ona görə də Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm alternativ mənbə hesab edilir. Belə ki, TAP istifadəyə veriləcəyi təqdirdə Balkan ölkələrində, xüsusən, böhran zolağında olan Yunanıstanda, həmçinin İtaliyanın Tarantino bölgəsində iqtisadi həyat yenidən canlana bilərdi.

Amma təəssüf ki, daha çox Avropaya lazım olan bu layihənin həyata keçməsi üçün Azərbaycanın təşəbbüs və cəhdləri lazımi səmərə vermir. Paradoksal olsa da, faktlar göstərir ki, Rusiyanın basqısından qurtulmaq istəyən bəzi Avropa ölkələrinin "müstəqil" qeyri-hökumət təşkilatları və mediası TAP-ın əleyhinə çıxır, ona qarşı antikampaniyalar təşkil edilir, əks-təbliğat aparılır, hətta bələdiyyələr və ölkə hökumətləri səviyyəsində Azərbaycanın təşəbbüslərinin əngəllənməsinə çalışırlar.

Beləliklə, maraqlı mənzərə yaranır. Azərbaycan dünyanın indiki maliyyə böhranı və iqtisadi çətinlikləri dövründə bütün mümkün riskləri nəzərə alaraq, Avropanın enerji təhlükəsizliyini təmin etməyə çalışır və bunun üçün alternativ təklif edir. Rəsmi Bakı enerjidaşıyıcılarının nəqli üçün marşrutun çəkilməsi xərclərinin mühüm bir hissəsini öz üzərinə götürür. Bunun müqabilində həmin ölkələrin siyasi hakimiyyətlərinin, mediasının və QHT fəallarının tənqidi mövqeyi və yersiz tələbləri ilə üzləşir.

Əgər TAP Avropanın enerji təhlükəsizliyi üçün çox vacibdirsə, qoy zəhmət çəkib riskləri özləri qarşılasınlar ki, bəlkə, o zaman həm ümumavropa səviyyəsində, həm də yerli hökumətlər səviyyəsində yaradılan süni maneələr aradan qalxa.

Belə çıxır ki, Avropanı çox sığallayanda, havayı yedirəndə özündən tez çıxır. İndi qoy özləri müəyyən etsinlər, onlar üçün əsas olan nədir: Rusiyanın təzyiqindən qurtulmaq, alternativ enerji mənbəyi əldə etmək, yoxsa ənənəvi xristian təəssübkeşliyindən çıxış etmək, antiazərbaycan  mövqeyi tutmaq.

Azərbaycanda bir məsəl var: əlini uzadanda qolunu qoparırlar. Biz kömək əlimizi uzatmışıq, amma qolumuzun qopmasını istəmirik...

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR