AFFA “Kəpəz” klubunu ağır cəzalandırıb

AFFA “Kəpəz” klubunu ağır cəzalandırıb
14:13 22 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XVIII turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
İntizam Komitəsi “Kəpəz” klubunu yeddi min manat cərimələyib. Buna Premyer Liqanın XVIII turunda Gəncədə “Neftçi”yə qarşı keçirilmiş oyunda baş verən hadisələr səbəb olub. Matçın 53-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Tural Nərimanov kobud oyuna görə, birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün iki oyun cəza alıb və klub isə iki min manat cərimə olunub.
Belə ki, qarşılaşma başa çatdıqdan sonra meydan sahiblərinin bir qrup fanatı "Neftçi" azarkeşlərinə daş atıb. Gəncə təmsilçisi ictimai asayişi və təhlükəsizliyi tam təmin etmədiyinə görə, daha beş min manat ziyana düşüb. Bundan başqa, qonaqlar da cəriməyə məruz qalıb. Beş futbolçusu sarı vərəqə ilə cəzalandırılan "Neftçi" isə min manat cərimələnib. Ayrıca, 50-ci dəqiqədə paytaxt təmsilçisinin heyətində Ferraro Silva Ailton idmançıya yaraşmayan hərəkətinə görə, ikinci sarı vərəqə alaraq meydandan qovulduğu üçün bir oyun yaşıl meydandan kənarda qalacaq. Klubu isə iki yüz manat cərimə olunub.
Azarkeşlərə görə, “Xəzər-Lənkəran” da ziyana düşüb. “İnter”lə görüşün 42-ci dəqiqəsində cənublu azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Bu isə kluba min manata başa gəlib.
“Sumqayıt”-“Rəvan” görüşündə baş verənlərə görə, hər iki klub cərimələnib. “Rəvan” dörd futbolçusunun sarı vərəqə aldığı üçün min, “Sumqayıt” isə matçın 73-cü dəqiqəsində futbolçusu Emin Mehtiyevin idmançıya yaraşmayan hərəkətə görə, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki yüz manat ödəyəcək. Meydandan qovulması futbolçunun bir oyunluq məhrumiyyəti ilə nəticələnib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AFFA_Kepez_klubunu_agir_cezalandirib-913265

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR