Nazirlik: Xəzərdə yanğın baş verən ərazidə çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir

Nazirlik: Xəzərdə yanğın baş verən ərazidə çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir
14:42 22 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Xəzər dənizindəki “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədi ilə ekologiya və təbii sərvətlər nazirinin göstərişi əsasında yaradılan ekspedisiya qrupu aparılan müşahidələr zamanı özül ətrafında qırıq-qırıq, kiçik ölçülü, davamsız parıltılı ləkələr müşahidə edilib ki, bu da əsasən neft yox, kondensat qalıqlarıdır. Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, bu kondensat qalıqları ən yüngül fraksiyalardan ibarət olduğu üçün qısa zamanda buxarlanır və buna görə də su səthinə, sualtı bioloji həyata ziyanı minimum həddədir: “Həmin ləkələrdən götürülmüş su nümunələrinin üzərində fiziki, fiziki-kimyəvi, ekotoksikoloji və biokimyəvi analizlər aparılır. Neft məhsullarının qatılığının normadan nisbətən çox olduğu (norma 0,05 mq/l, faktiki 0,11 mq/l) müəyyən edilib ki, bu da baş vermiş qəzanın həcminə görə minimum həddir.
Mütəxəssislərin Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası göstərir ki, qeyd olunan çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir. Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur və digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnalogiyalardan istifadə edilir və buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.
Dənizdə 200-300 km2 ərazinin neft ləkəsi ilə örtülü olması barədə yayılan fantastik məlumatların isə baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Fəzadan çəkilən şəkillər və nazirliyin mütəxəssislərinin apardığı təhlil və müşahidələr də bu iddianı təsdiq etmir. Atmosfer havasından götürülən nümunələrdə isə havaya karbon və azot oksidlərinin atıldığını təsdiq edir”.
Ekspedisiya Qrupu müşahidələri davam etdirilir, müntəzəm olaraq nümunələr götürülür. 

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/nazirlik-xezerde-yangin-bas-veren-erazide-cirklenme-heddi-umumi-fon-gostericilerinden-ferqlenmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR