​Amil Yunanov: "Qəbələ"də yerli futbolçular heç də legionerlərdən geri qalmır"

​Amil Yunanov: "Qəbələ"də yerli futbolçular heç də legionerlərdən geri qalmır"
15:17 22 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını bombardirlər siyahısında başa vurmuş "Sumqayıt"ın hücumçusu Amil Yunanovun "Report"a müsahibəsi
- Geridə qalan 18 turu "Sumqayıt" və özünüz üçün necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, komanda yaxşı oynadı. İlk iki dövrə yaxşı keçdi. Hardasa şansızlığa görə bəzi oyunlarda qələbə qazana bilmədik. Elə görüşlər oldu ki, 90-cı dəqiqədə top buraxdıq. Ümumilikdə komandanın çıxışını yaxşı dəyərləndirirəm. Yeni ildən daha yaxşı çıxış edəcəyik. Mənim üçün isə deyərdim ki, son turun oyunları daha yaxşı keçdi. Çünki son turlarda qol vurmağa başladım.
- İlk qolunuzu XV turda "Kəpəz"ə vurdunuz və ikinci dövrənin son 4 turu ərzində bombardirlər siyahısında qərarlaşdınız...
- Formada olmadığım üçün oynamırdım. Samir Abasovun əsas komandaya baş məşqçi postuna təyinatından sonra özümə gəldim, hardasa formamı bərpa etdim. "Kəpəz"lə oyunda ilk qolumu vurdum. Təbii ki, komanda yoldaşlarım da mənə dəstək olurlar.
- Premyer Liqada 18 turdan sonra ən çox qol vuran futbolçu Riçard Almeyda 7 dəfə fərqlənib. Siz isə 4 oyuna 6 dəfə fərqlənmisiniz. Doğrudanmı Azərbaycanda daha çox qol vurmaq bu qədər çətindir?
- Premyer Liqanın səviyyəsi aşağı deyil. Kimin kimi udacağı bilinmir. Məsələn, sonuncu yerlərdə olan komandalar liderlər qrupunda çıxış edənlərlə başabaş mübarizə aparır, qalib gəlir. Mən isə vurduğum qolları özünəinamla bağlayardım. Çünki həm baş məşqçi, həm də komanda yoldaşlarım dəstəklərini əsirgəmirlər.
- Bombardir olmağınızda Samir Abasovun rolu nə qədərdir? 
- Təbii ki, onun xüsusi yeri var. Hər oyundan əvvəl məni necə hazırladığını, öyrətdiyini bir o bilir, bir də mən. Oyundan öncə söhbət edirik, mənə inandığını deyir.
- Qış transfer pəncərəsinə bir neçə gün qalıb. Hər hansı klubdan dəvət gəlməyib?
- Özümə dəvət gəlməyib. Hazırda diqqətimi ancaq çempionata yönəltmişəm. İstəyirəm komanda tez yığılsın, hazırlıq keçək və çempionat başlasın. Fikrim yalnız "Sumqayıt"dadır. Hansısa komandaya getmək xəyalı qurmuram. İstəyirəm ki, oyunlara çıxım və yenə qollarımı sıralayım.
- İlk yarının sonlarına yaxın lazımi forma yığmışdınız. Fasilə müddətində formanızı itirəcəyinizdən qorxmursunuz?
- Xeyr, çünki baş məşqçi proqram verib. istirahət müddətində bu proqram əsasında çalışacam ki, formamı itirməyim.
- "Qəbələ"nin yetirməsisiniz. Birdən həmin komandanın Sizə ehtiyacı olsa...
- Premyer Liqada Samir Abasov "Sumqayıt"a gəldikdən sonra çıxış etmişəm. Hələ belə şeylər haqda düşünmürəm, heç düşünməmişəm də. Bir daha demək istəyirəm ki, tək fikrim "Sumqayıt"dadır. Çünki mən bu komandada üzə çıxmışam.
- "Qəbələ"dən söz düşmüşkən, Premyer Liqada legioner limiti var. Amma Avropa Liqasında baş məşqçi Roman Qriqorçuk əsasən əcnəbi futbolçularla çıxış edirdi. Baş məşqçinin inanacağı yerli futbolçu yoxdur?
- Bunlar baş məşqçinin şəxsi fikridir. "Qəbələ"də çıxış edən yerli futbolçular heç də legionerlərdən geri qalmır. Sadəcə, baş məşqçinin futbolçuya inanma məsələsi var.
- Mövsümü ilk 3-lükdə bitirəcəyiniz inandırıcı görünmür. Ancaq ilk 5-likdə olmaq mümkünsüz deyil...
- Yeni ildən başlayaraq ilk turlardan qələbə qazanmaq üçün çalışacağıq. İnanıram ki, yaxşı çıxış edəcəyik və bunu siz də görəcəksiniz. Çünki komanda daxilində hər şey qaydasındadır. İnanıram ki, bizim komandada bu, alınacaq. Üstəlik, 8-ci pilləni bəxtsizliklə əlaqələndirərdim. Çünki son dəqiqələrdə qol buraxdığımız oyunlar olub.
- Qış fasiləsində klublar təlim-məşq toplanışı üçün xarici ölkələrə üz tuturlar. "Sumqayıt" isə öz şəhərində qalacaq. Bu, komandaya necə təsir edəcək?
- Bu məsələlər məşqçilərlə rəhbərliyin işidir və qərarı da onlar verir. Təbii ki, ölkə kənarında toplanış keçmək yaxşı olardı, amma bir futbolçu kimi mənim üçün heç bir fərqi yoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/amil-yunanov-yerli-futbolcular-hec-de-legionerlerden-geri-qalmir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR