İlin əvvəlindən paytaxtda 768 yol-nəqliyyat hadisəsi baş verib

İlin əvvəlindən paytaxtda 768 yol-nəqliyyat hadisəsi baş verib
16:03 22 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC
Paytaxt yollarında hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi əməkdaşlarının keçirdikləri məqsədyönlü tədbirlər, apardıqları təbliğat işinin nəticəsində ötən illə müqayisədə Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, bu ilin əvvəlindən dekabrın 19-dək paytaxtda 768 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 217 nəfər ölüb, 843 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin eyni dövrü ilə müqayisədə hadisələr 104, ölüm və xəsarət halları isə müvafiq olaraq 82 və 32 fakt azalıb.
Ümumilikdə Bakının inzibati ərazisindəki yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar əsasən günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verib. Qəzalar daha çox paytaxtın Parlament, Heydər Əliyev, Tbilisi, Ziya Bünyadov, Mətbuat və Nobel prospektlərində qeydə alınıb. Baş verən qəzalarda sürət həddinin aşılması 41, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27, piyadaların vurulması 50,6 faiz təşkil edib.
Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, bütün hərəkət iştirakçılarını qanunun tələblərinə hörmətlə yanaşmağa çağırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ilin_evvelinden_paytaxtda_768_yol_neqliyyat_hadisesi_bas_verib-913313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR