“Günəşli” yatağındakı qəzanın ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə müşahidələr davam etdirilir

“Günəşli” yatağındakı qəzanın ətraf mühitə təsirinin öyrənilməsi məqsədilə müşahidələr davam etdirilir
16:08 22 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 22 dekabr, AZƏRTAC 
“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədilə ekologiya və təbii sərvətlər nazirinin göstərişi əsasında yaradılmış ekspedisiya qrupu mütəmadi olaraq müşahidələr aparır, sudan və havadan müvafiq koordinatlar üzrə nümunələr götürür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müşahidələr zamanı özül ətrafında qırıq-qırıq, kiçik ölçülü, davamsız parıltılı ləkələr müşahidə edilib ki, bu da əsasən neft yox, kondensat qalıqlarıdır. Bu kondensat qalıqları ən yüngül fraksiyalardan ibarət olduğu üçün qısa zamanda buxarlanır və buna görə də su səthinə, sualtı bioloji həyata ziyanı minimum həddədir. Həmin ləkələrdən götürülmüş su nümunələrinin üzərində də fiziki, fiziki-kimyəvi, ekotoksikoloji və biokimyəvi analizlər aparılır. Neft məhsullarının qatılığının normadan nisbətən çox olduğu (norma 0,05 mq/l, faktiki 0,11 mq/l) müəyyən edilib ki, bu da baş vermiş qəzanın həcminə görə minimum həddir. Mütəxəssislərin Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası göstərir ki, qeyd olunan çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir. Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur. Digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnologiyalardan istifadə edilir və buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.
Dənizdə 200-300 kvadrat kilometr ərazinin neft ləkəsi ilə örtülü olması barədə yayılan fantastik məlumatların isə baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Fəzadan çəkilən şəkillər və nazirliyin mütəxəssislərinin apardığı təhlil və müşahidələr də bu iddianı təsdiq etmir. Atmosfer havasından götürülən nümunələrdə isə havaya karbon və azot oksidlərinin atıldığı təsdiq olunur.
Ekspedisiya qrupu tərəfindən müşahidələr davam etdirilir, müntəzəm olaraq nümunələr götürülür.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yatagindaki_qezanin_etraf_muhite_tesirinin_oyrenilmesi_meqsedile_musahideler_davam_etdirilir-913318

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR