Devalvasiya aptekləri vurdu

Devalvasiya aptekləri vurdu
17:41 22 Dekabr 2015
66 Digər
Ölkə mətbuatı
A- A+

Manatın dollar qarşısında kəskin ucuzlaşması ölkənin idxal əsasında formalaşan bir çox ərzaq və qeyri-ərzaq sektorunda olduğu kimi, dərmanların qiymətinə də təsirsiz ötüşməyəcək.

ANSPRESS-in məlumatına görə, dərman preparatları və tibbi vasitələrin əksəriyyəti xarici ölkələrdən gətirildiyinə görə bu sahədə bahalaşma qaçılmaz olacaq. Artıq Bakı və Sumqayıt şəhərlərindən ANSPRESS-ə müraciət edən vətəndaşlar apteklərin çoxunun fəaliyyət göstərmədiyini, açıq olanların isə satışda qiymətləri qaldırdığını bildirdilər.

Baş çəkdiyimiz bir neçə aptekin satıcıları isə hələlik bahalaşma olmadığını, amma rəhbərlik tərəfindən onlara qiymətlərin qaldırılması ilə bağlı göstəriş verildiyini etiraf etdilər. Onların sözlərinə əsasən, növbəti günlərdən dərmanlar yeni qiymətlər əsasında satılmağa başlanılacaq.


Bakıda aptek


Devalvasiyanın birbaşa dərmanların qiymətlərinin bahalaşması ilə nəticələnməsi iqtisadçılar tərəfindən də bərmənalı qarşılanır. Onlar hesab edir ki, xaricdən dollarla alınan dərman preparatlarının yeni məzənnə dəyişikliyindən sonra eyni qiymətlərdə qalması qeyri-mümkündür.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri, iqtisadçı Azər Mehdiyevin sözlərinə görə, dərmanların qiymətində 35-40 faiz artım artıq mövcuddur və yaxın günlərdə bu rəqəmlər yenə yüksəlişə doğru dəyişəcək. İqtisadçı belə vəziyyətdə yalnız hökumətin müəyyən məsələlərdə güzəşt tətbiq edə biləcəyini vurğulayır:

“Xüsusi xəstəliklər qrupu var ki, hökumət əhalinin aztəminatlı təbəqəsini nəzərə almaqla həmin sahədə işlədilən dərmanların qiyməti ilə bağlı müəyyən güzəştlər tətbiq edə bilər”.


Azər Mehdiyev - İqtisadçı


Azər Mehdiyevin fikrincə, indiki situasiyada devalvasiya ölkədə icbari tibbi sığortanın tətbiqini daha da aktuallaşdırdı. İqtisadçı deyir ki, indi əhali tibb xərclərinin 70 faizini özü çəkir. Bu da maddi durumu aşağı olan vətəndaşlar üçün ciddi çətinliklər yaradır. Bu baxımdan, icbari tibbi sığortanın mexanizmlərinin işlənilib hazırlanması və tətbiq edilməsi sürətləndirilməlidir.




Dərmanların qiymətlərinin necə dəyişəcəyi ilə bağlı rəsmi qurum da açıqlama verdi. İqtisadiyyat və Sənaye nazirliyinin mətbuat katibi Abbas Əliyev sualımızı belə cavablandırdı:

“Tarif Şurası tənzimlənmiş dərmanların qiymətinə yenidən baxacaq. Bildiyiniz kimi, dərmanlar xaricdən idxal olunur və baş verən məzənnə dəyişikliyi qiymətlərə müəyyən qədər siraət edəcək. Odur ki, Tarif Şurası artıq qiymətləri təsdiqlənmiş dərmanlara yenidən baxacaq və açıqlama veriləcək ”.

Abbas Əliyev dərmanların qiymətinin tənzimlənməsi prosesinin intensiv olaraq davam etdirildiyini və bu prosesin gələn ilin ortalarında bütün dərman preparatlarını tamamilə əhatə edəcəyini qeyd etdi.

Bundan əvvəl ölkədə dərmanların qiyməti ilə bağlı artımlar və narazılıq dəfələrlə müşahidə edilib. O cümlədən cari ilin fevral ayında baş verən devalvasiya zamanı və eləcə də yay aylarında bu məsələ gündəmə gəlmişdi. Hətta ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu.


İlham Əliyev müşavirədə

Daha sonra isə Azərbaycan Tarif Şurası dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə başlayaraq ilk mərhələdə həyati vacib və daha çox tələbat olan dərman vasitələrinin qiymətini təsdiq etmişdi.

Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minmişdi.

Dünya təcrübəsində də müşahidə etmək olur ki, devalvasiyaların əczaçılıq sənayesinə təsiri qaçılmaz olur. Belə bir vəziyyətlə bu ilin əvvəlində Rusiya da qarşılaşmışdı. Baş nazir Dmitri Medvedev səhiyyədə böhran əleyhinə tədbirlərə həsr edilmiş müşavirədə bildirmişdi ki, dərmanların qiymətləri 20 faiz arta bilər. Bununla belə baş nazir ucuz dərmanları da müdafiəyə qalxmışdı.

"Ucuz dərmanların sıxışdırılmasına icazə vermək olmaz və analoqları Rusiyada istehsal edilməyən xarici dərmanların alınması ilə bağlı xərclərin kompensasiyası üzrə tədbirlər düşünmək lazımdır" deyə Medvedev qeyd etmişdi.


Dmitri Medvedev dərmanların qiyməti ilə maraqlanarkən


Hətta son 10 ildə əczaçılıq sektorundakı qiymətləri sabit qalan Türkiyədə zaman-zaman dərman istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri qiymət siyasətinə yenidən baxılması üçün hökumətə müraciət ediblər. Onlar hesab edirlər ki, mövcud qiymət siyasəti əczaçılıq sektorunda yeni texnologiyaların tətbiqinə, istehsalın və işçilərin əmək haqlarının artırılmasına imkan vermir.

Göründüyü kimi, insan sağlamlığının təhlükəsizliyinə xidmət edən əczaçılıq sektoru da dünya və ölkə iqtisadiyyatındakı vəziyyətdən birbaşa asılıdır. Əksər dərmanları idxal edən Azərbaycanda isə bu asılılıq daha güclüdür. Odur ki, milli valyutanın dəyərdən düşməsi fonunda bu sahədə müəyyən bahalaşmaların olması gözləniləndir. Hərçənd dövlət belə halda, mütəxəssislərin də dediyi kimi, icbari tibbi sığorta sistemini gerçəkləşdirə və maddi durumu yaxşı vəziyyətdə olmayan vətəndaşları sığortalaya bilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR