Azərbaycanda radikal müxalifət səhv mövqeyini davam etdirməkdə israrlı olsa...

Azərbaycanda radikal müxalifət səhv mövqeyini davam etdirməkdə israrlı olsa...
13:53 30 Dekabr 2014
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda radikal müxalifət səhv mövqeyini davam etdirməkdə israrlı olsa, cəmiyyətin onlara münasibəti daha da kəskinləşəcək. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov hakim partiyanın saytına müsahibəsində deyib.

Baş nazirin müavini bildirib ki, Azərbaycanın dinamik inkişafı, beynəlxalq mövqeyinin mütəmadi olaraq güclənməsi antiazərbaycan dairələrdə narahatlıq yaradır və həmin qüvvələr dövlətimizə qarşı müxtəlif vasitələrlə yanaşı, ölkə daxilindəki ünsürlərdən də istifadə edirlər: "Bu sırada radikal müxalifət, “beşinci kolon” kimi səciyyələndirilən təşkilatlar və “hüquq müdafiəçiləri” fərqlənirlər. Onlar faktiki və konkret olaraq siyasi alət kimi çıxış edirlər və məqsəd Azərbaycana müxtəlif məsələlər ətrafında təzyiqlər etmək, hətta bəzi hallarda ölkə daxilində xaos mühiti yaratmaqdır".

Onun fikrincə, bütün bu neqativ cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan dövləti ictimai-siyasi sabitlik və təhlükəsizliyi etibarlı şəkildə təmin edib, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur: “Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir, “beşinci kolon”un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır. Azərbaycan ictimaiyyətinin bu zamana qədər radikal müxalifətə göstərdiyi münasibət dediklərimizin bariz nümunəsi və sübutu qismində çıxış edir. Bu münasibətin qarşılığında həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq əvəzinə daha radikal mövqe tuturlar. Və radikal addımlar üçün onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət antiazərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar. Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə, tamamilə daha böyük günahlara gətirib çıxaran səhvlər etmiş olurlar”.

Ə.Əhmədovun sözlərinə görə, bütün bunların nəticəsidir ki, son zamanlar radikal müxalifət partiyalarının sıralarından kütləvi istefalar qeydə alınır.

O, qeyd edib ki əslində, bu partiyaların sıralarında olmuş adamların kütləvi istefaları Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır: “Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, həm də kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları ayrı-ayrı şəxslərin öz maraqları naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini rədd edir və güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcək”.

Ə.Əhmədov bildirib ki, bütövlükdə, radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur: “Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda radikallığa, aqressivliyə yer yoxdur”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2349041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR