Bakının bağlı QALAN mağazaları, aptekləri, siqaret satmayan köşkləri - REPORTAJ

Bakının bağlı QALAN mağazaları, aptekləri, siqaret satmayan köşkləri -   REPORTAJ
19:39 22 Dekabr 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

Üzən məzənnəyə keçid barədə qərardan sonra paytaxtın əksər mağazalarında ərzaq və qeyri-ərzaq məhsullarının, xüsusilə tütün məmulatlarının satışı qanunsuz olaraq dayandırılıb. Mağaza sahibləri bunu kassa aparatlarında problem olması kimi inandırıcı görünməyən səbəblərlə əsaslandırmağa çalışsa da, əsl səbəb hər kəsə məlumdur. Bu gündən etibarən isə şəhərin əksər aptekləri dərman satışını dayandırıb. Bir çox apteklərdə qapılara “bağlıdır” lövhəsi vurulsa da, içəridə qaynar fəaliyyətin getdiyini şüşə arxasından aydın görmək olur. APA TV-nin çəkiliş qrupu bu gün paytaxtın bağlı mağaza və apteklərində vəziyyəti araşdırıb.

Şəhər sakinləri açıq olan apteklərdə belə dərmanların satılmadığından şikayətçidir:

“Girmişik bu aptekə, təzyiq dərmanı istəyirik, deyir yoxdur. Getmişik “Nizami” metrosunun yanına, orada aptek açıqdır, girmişik mağazalara, marketlərə, deyir, yoxdur, bağlayıblar. Yəqin qiymətlərə görədir. Heç kəs köhnə qiymətlə satmır, deyirlər, ümumiyyətlə yoxdur. Get aptekə, bax bağlayıb, qaranlıqda oturub, deyir ki, dərman yoxdur. Baha da olsa heç olmasa sat da. Baha satmağa qorxur, ucuz da vermir”.

Xanımın dediyi aptekə yollanırıq, gördüyümüz mənzərə heç də ürək açan deyil.

-          Apteki niyə bağlamısınız? Səbəbi nədir?

-          Hamı necə, biz də elə. Tənzimlənən qiymətləri düzəldirik.

-          Obyekt bizim deyil.

-          Özüm bağlayıram. Kimə nə aidiyyəti var?

Bundan başqa şəhərin bəzi yerlərində mini marketlərin bağlı olduğunu müşahidə etdik.

“Biz hal-hazırda şəhəri gəzir, müşahidələr aparırıq. Qeyd etmək istəyirəm ki, böyük supermarketlər fəaliyyətini davam etdirsələr də, bəzi ərazilərdə, əsasən də  məhəllə arasında yerləşən mini marketlərin əksəriyyəti bağlıdır.

Şəhər sakinləri siqaret satışının dayandırılmasından şikayət edir:

“Dünən mən siqaret aldım, qiymətinin üstünə 1 manat artırıb satırlar. Xeyir ola? Buna qarşı tədbir görsünlər”.

Market sahibləri isə siqaretlərin satılıb qurtardığını deyir:

“Bəli, hal-hazırda siqaret yoxdur. Firma gətirmir. Dünən, bu gün gəlməyiblər. Köhnə siqaretlər satılıb. Köhnə qiymətlə. Mən özüm narahatam, günə 4 qutu siqaret çəkirəm. İndi siqaret tapmıram çəkməyə”.

Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyev bildirir ki, idxaldan asılı olan məhsulların qiymətində təbii ki, müəyyən artımlar olacaq, amma, bu artımlar iqtisadi əsaslı aparılmalıdır.

“Əsassız şəkildə hər hansı bir qiymət artımı olmamalıdır. Lakin buna baxmayaraq bəzi təsərrüfat subyektləri tərəfindən manatın devalvasiyasından istifadə dərək süni şəkildə əsassız qiymət artımı hallarına yol verilə bilər, belə halların qarşısının alınması üçün Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər başlayıb. Monitorinq zamanı hər hansı bir qanun pozuntusu aşkar edildikdə, həmin təsərrüfat subyektləri  barəsində qanuna müvafiq tədbirlər görüləcək.

Şahin Nağıyev dərmanların qiymətlərinin artmasına da münasibət bildirib.

“Məlum olduğu kimi sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətləri dövlət tərəfindən tənzimlənməyə başlanılıb. Artıq bir sıra dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən təsdiq edilib. Təbii ki, manatın devalvasiyaya uğramasından sonra müəyyən dərman vasitələrinin qiymətlərində müəyyən qədər artım olacaq. Ancaq buna baxmayaraq sosial əhəmiyyətli olan dərmanların indiki qiymətləri saxlanılacaq”.

Qeyd edək ki, indiyə qədər Tarif Şurası 3500-dən çox dərman vasitəsinin qiymətinin tənzimlənməsi barədə qərar verib. Bu dərman vasitələrinin tənzimlənən qiymətlərlə satılacağı, yoxsa qiymətlərdə dəyişiklik ediləcəyi barədə hələlik açıqlama verilmir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR