Azərbaycan səfiri Yaxın Şərq Xəbərlər Agentliyinə müsahibəsində Misirlə iqtisadi əlaqələrdən danışıb

Azərbaycan səfiri Yaxın Şərq Xəbərlər Agentliyinə müsahibəsində Misirlə iqtisadi əlaqələrdən danışıb
21:43 22 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Yaxın Şərq Xəbərlər Agentliyinə müsahibəsində ölkələrimiz arasında iqtisadi əməkdaşlıqdan bəhs edib.
Səfir müsahibəsinin əvvəlində Misirin yeni formalaşmış parlamentinin ölkədə siyasi sabitliyə və inkişafa xidmət edəcəyini bildirib. Azərbaycanın və Misirin qanunverici orqanları arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyət kəsb etdiyini deyən diplomat parlamentlərarası dostluq qrupunun yaranacağını diqqətə çatdırıb.
Ş.Abdullayev Azərbaycanın və digər dövlətlərin Misirdə investisiyalar yatırmaları üçün bu ölkənin lazımi addımlar atmasının vacib olduğunu bildirib. O, Misirin mühüm strateji mövqeyə sahib olmasının və yeni Süveyş kanalının açılmasının ölkədə investisiya mühitinin formalaşmasına müsbət təsir göstərəcəyini vurğulayıb. Səfir Misirin digər ölkələrin də imkanlarından istifadə etməsi ilə müsbət nəticələr əldə edəcəyini bildirib.
Diplomat Azərbaycanın Misirlə iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib. O, Misirdə həyata keçirilən beynəlxalq iqtisadi layihələrlə bağlı iki ölkə arasında müştərək komissiyanın növbəti iclasının keçirilməsinə dair ölkəsinin təklif irəli sürdüyünü, komissiyanın iclası zamanı azərbaycanlı iş adamlarının Qahirəyə səfərinin gözlənildiyini və onların misirli həmkarları ilə qarşılıqlı şəkildə iqtisadi layihələri öyrənəcəklərini deyib.
Azərbaycanın Misirlə neft sahəsində əməkdaşlığına toxunan səfir bu yaxınlarda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Misirə səfərini xatırladaraq, onun Misirin Baş naziri İsmayıl Şəriflə görüşdüyünü, iqtisadiyyat və enerji sahələrində əməkdaşlığın müzakirə olunduğunu bildirib. O, Misirin neft naziri Tariq Əl-Mullanın iki ölkə arasında neft-kimya, neft emalı sahələrində əməkdaşlıq imkanlarının öyrənilməsi ilə bağlı Bakıya səfərinin gözlənildiyini vurğulayıb.
Səfir Misirin yeni Süveyş kanalı hövzəsində həyata keçirilən layihələrdə Azərbaycanın iştirak etməkdə maraqlı olduğunu diqqətə çatdırıb, Azərbaycanın bir çox ölkələrdə investisiyalar yatırdığını bildirib.
Səfir son dörd ildə Azərbaycandan Misirə idxal olunan neft və neft məhsulları ilə bağlı ticarət dövriyyəsinin artdığını və Misirdən Azərbaycana ixrac edilən dərman preparatlarının illik dövriyyəsində artımın müşahidə olunduğunu bildirib.
Müsahibə Misirin kütləvi informasiya vasitələrində geniş yayılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sefiri_Yaxin_Serq_Xeberler_Agentliyine_musahibesinde_Misirle_iqtisadi_elaqelerden_danisib-913487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR