İranla yeni iş müqavilələri (FOTO)

İranla yeni iş müqavilələri (FOTO)
23:11 22 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin bu ölkəyə səfəri çərçivəsində İran-Azərbaycan biznes forumu keçirilib.

Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının təşkilatçılığı ilə baş tutub.

ANS PRESS-in verdiyi məlumata görə, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 350-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və İran arasında siyasi əlaqələr yüksək səviyyədədir və əməkdaşlığımız iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam edir.

Azərbaycan-İran iqtisadi əlaqələrinin genişlənməsi baxımından işgüzar dairələr arasında əməkdaşlığın vacibliyini vurğulayan nazir Şahin Mustafayev Azərbaycan nümayəndə heyətinin tərkibində müxtəlif sahələrdə fəaliyyət göstərən 50-dən çox iş adamının təmsil olunduğunu diqqətə çatdırıb.

Yeni əməkdaşlığın qurulması baxımından biznes forum, işgüzar görüş və sərgilərin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Tehranda keçirilən biznes forumun iş adamları arasında əməkdaşlığın inkişafına, ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.

İran yüklərinin Azərbaycan üzərindən digər ölkələrə daşınması üçün ölkəmizin geniş tranzit imkanlarına malik olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev hazırda Azərbaycan və İran dəmir yolu sistemlərinin birləşdirilməsi istiqamətində işin aparıldığını qeyd edib. Bildirilib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacaq.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi isə çıxışında İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də iş adamları arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, İran regionları ilə əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşu imkanlarını diqqətə çatdırıb.



"Sumqayıt Kimya Sənaye Parkı"

Tədbirdə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatasının sədri Mohsen Calalpur iş adamları arasında əlaqələrin genişləndirilməsinə, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin müdir müavini Zaur Məmmədov sənaye parkının fəaliyyətinə və burada iş adamları üçün yaradılmış əlverişli imkanlara, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın baş direktorunun müavini Samir Qasımov isə təmsil etdiyi şirkətin fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində Azərbaycanın"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" və İranın "Abad Rahan Pars İnternational" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbir Azərbaycan və İran iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə başa çatıb.
Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində bu gün Təbriz şəhərində növbəti İran-Azərbaycan biznes forumu keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367890

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR