Sarqsyanın KTMT-nin kölgəsində yatmaq istəyinə cavab

Sarqsyanın KTMT-nin kölgəsində yatmaq istəyinə cavab
11:27 23 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentləri Berndə görüşərkən işğalçı dövlətin müdafiə naziri Seyran Ohanyan Xankəndinə gəlib. Bu faktın özü rəsmi İrəvanın münaqişənin həllində maraqlı olmadığının və təxribatlarını davam etdirdiyinin göstəricisi idi. Ohanyan işğal altındakı torpaqlara sonra da gələ bilərdi, ancaq Sarqsyanın təlimatıyla “səfərini” məhz Bern görüşü ilə üst-üstə saldı ki, beynəlxalq aləmə Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağı planlaşdırmadıqlarını nümayiş etdirsinlər.


Bu Sarqsyanın ilk təxribatı deyil. Keçən il Paris görüşündən sonra da oxşar hadisə baş vermişdi. Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək üçün çox əziyyət çəkdi. Hətta Paris görüşünün ardınca bəzi ümidverici açıqlamalar da verildi. Ancaq Sarqsyan İrəvana qayıdan kimi Ermənistanın işğalçı qüvvələri Dağlıq Qarabağ və ətraf rayonlarla hərbi təlimlərə start verdilər. Bununla da Sarqsyan Paris görüşünün və Fransa prezidentinin səylərinin üstündən xətt çəkdi.
İndi də təxminən eyni vəziyyətdir. İsveçrə prezidenti və xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdilər ki, danışıqlarda irəriləyiş olsun. Serj Sarqsyan onların da zəhmətinin üstündən xətt çəkərək Bern görüşündən dərhal sonra Moskvaya şikayətə getdi.
Rusiya paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplantısı keçirilirdi. Serj Sarqsyan zirvə toplantısındakı çıxışında Rusiya istisna olmaqla təşkilatın digər üzv ölkələrinin siyasətindən şikayət etdi. NATO ölkələrinin bir-birinə dəstəyini misal göstərən Sarqsyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin Ermənistanı müdafiə etdməyini, əksinə Azərbaycana dəstək verməsindən narazılığını ifadə etdi.
Yaxşı olardı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlət liderlərindən hər hansı biri Sarqsyana Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini xatırladardı. Bu, Azərbaycan ordusunun atəşkəsi pozmasından şikayətlənən Ermənistan prezidentinə tutarlı cavab alardı. Ancaq həmin liderlərin susması belə Azərbaycan üçün müsbət nəticədir. Heç Rusiya prezidentinin özü də “Sarqsyan düz deyir, Azərbaycan-Ermənistan qarşıdurmasında İrəvana dəstək verməliyik” ifadəsini səsləndirmədi. Çünki, Ermənistanla hərbi-strareji münasibətlərinə rəğmən, başda Rusiya olmaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr Azərbaycanla münasibətlərdə gərginlik yaşamaq istəmir.

Sarqsyanın narahatlığına baxmayaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Belarus, Qazaxıstan və Qırğızıstan Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlıdırlar. Bu dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər və Ermənistana görə rəsmi Bakı ilə münasibətləri soyutmaq istəmirlər. Belarus, Qazaxıstan və Qırğızıstan Rusiya-Türkiyə qarşıdurmasında belə Moskvanı dəstəkləmirlər. Çünki, bu dövlətlər Ermənistan misalında olduğu kimi bu dəfə Rusiyaya görə Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmirlər.
Sarqsyan bir məsələdə haqlıdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO-dan fərqlənir. NATO-ya üzv ölkələr bir-birlərinin təhlükəsizliklərinə kollektiv şəkildə məsuliyyət daşıyırlar. Bu həm də ona görə baş verir ki, hər hansı NATO ölkəsi digərinin ərazisini işğal etdikdən sonra “məni müdafiə edin” çağırışını səsləndirmir.
Elxan Şahinoğlu, xüsusi olaraq Reportüçün.

Xəbərin orijinal ünvanı: http://report.az/analitika/sarqsyanin-ktmt-nin-kolgesinde-yatmaq-isteyine-cavab-serh

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR