Dövlət Sosial Müdafiə Fondu Sabirabadda regional “Açıq qapı” günü-vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu Sabirabadda regional “Açıq qapı” günü-vətəndaş forumu keçirib
13:33 23 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+


Sabirabad, 23 dekabr, Mahir Babayev, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dekabrın 23-də Sabirabad rayonunda növbəti regional “Açıq qapı” günü-vətəndaş forumu keçirib.
AZƏRTAC xəbər verir ki, Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov müzakirələrin gedişində bildirib ki, çoxsaylı pensiyaçı və sosial sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. F.Qədimov qeyd edib ki, ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparılır. Hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 294 mindən çox pensiyaçı, 3 milyon 165 minə yaxın sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.
Forumda “Elektron hökumət” portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bildirilib ki, sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərilən elektron xidmətlər hər bir müavinət növü üzrə ayrı-ayrılıqda təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, uşağa qulluğa görə müavinətlər və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən həyata keçirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur və müavinət bilavasitə işçinin plastik kart hesabına ödənilir.
Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası” çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin müvafiq təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.
Daha sonra tədbir iştirakçıları Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər, sığorta-pensiya sisteminin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb.
Diskussiyalarla davam etdirilən “Açıq qapı” günü-regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Sosial_Mudafie_Fondu_Sabirabadda_regional_Achiq_qapi_gunu_vetendas_forumu_kechirib-913609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR