"Ermənilərin itkisi onların ağlına gələ bilməyəcəyi qədər artıq olacaq"

"Ermənilərin itkisi onların ağlına gələ bilməyəcəyi qədər artıq olacaq"
15:06 23 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyanın çıxışına cavab verib.

ANS PRESS-in məlumatına görə Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan Ordusu nə qədər atəşkəsi pozmağa davam edəcəksə, nə qədər yaşayış məntəqələrimizi, dinc sakinləri atəşə tutacaqsa ona daha çox və daha iriçaplı üstün silahlarla cavab zərbələri endiriləcək.

Bunu açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz qüvvəsinin və arsenalındakı silahların çox cüzi bir hissəsindən istifadə edir: “Silahlı Qüvvələrimizin sərəncamındakı silahların dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi bundan dəfələrlə artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir. Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ehtiyac yaranarsa, Silahlı Qüvvələrimizin sərəncamındakı digər silahlar da düşmənə qarşı tətbiq olunacaq. O silahlar istifadə olunduğu zaman ermənilərin itkisi onların bu gün ağlına gələ bilməyəcəyi qədər, düşündüklərindən də artıq olacaq. Bunu onlar anlamalıdırlar”.

Nazirlik rəsmisi bəyan edib ki, buna görə də ermənilər gənclərini, erməni millətinin gələcəyini qorumaq istəyirlərsə, işğal altında saxladıqları Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər.

V.Dərgahlı qeyd edib ki, bu gün cəbhədə gərginliyi süni şəkildə yaradan, dövlət sərhədində, qoşunların təmas xəttində işğal olunmuş ərazilərdən Azərbaycan kəndlərini, dinc əhalini atəşə tutan Ermənistan Ordusudur. Hər il onlarla dinc sakin Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanır, həlak olur. Bu faktlar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə də məlumdur.

“Əgər düşmən hesab edirsə ki, biz buna biganə qalacaq, cavab verməyəcəyik çox yanılır. Biz Azərbaycan Ordusu olaraq qarşı tərəfdə dinc əhaliyə maksimum şəkildə toxunmamağa çalışırıq. Hətta, xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl ermənilərin işğal etdikləri Ağdərə ərazisindəki Talış və Madagis kəndlərinin sakinləri xarici KİV-ə müsahibələrində özləri də etiraf eləmişdilər ki, Azərbaycan Ordusu istəsə bizi vura bilər. Amma bunu etmir. Sadə ermənilər Ermənistandakı cinayətkar hərbi rejimin uydurduğu yalanları bu açıqlamaları ilə ifşa etdilər”, - deyə nazirlik sözçüsü əlavə edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin ötən gün yerli KİV-lərdə yayılan və guya Azərbaycan Silahlı Qüvvələrinin il ərzində cəbhədə 215 əsgər itirməsi açıqlamasına da toxunan V.Dərgahlı bunu Artsrun Ovanisyanın “yuxusu” adlandırıb:

“Ovanisyanın bu bəyanatı öz müdafiə nazirinin hərəkətləri qədər çox məsuliyyətsiz, heç bir əndazəyə sığmayandır. Onlar öz sayıqlamalarını mətbuat vasitəsi ilə ictimaiyyətə sırımaqda, itkilərini gizlətməkdə ustadırlar. Bu sahədə böyük təcrübələri var. Bizdə olan məlumata görə Ermənistan tərəfi öz itkilərinin sayını gizlədir. İtkiləri o qədər çoxdur ki, onları açıqlamaqdan çəkinirlər. Odur ki, Azərbaycan tərəfinin itkiləri barədə şişirdilmiş, yalan, təxribat dolu xəbərlər yaymaqla erməni ictimaiyyətini qismən də olsa sakitləşdirmək istəyirlər.

Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki hər bir şəhid, yaralanan hərbçi barədə informasiyanı mütəmadi olaraq ictimaiyyətə açıqlayır. Şəhidimizin qanı isə artıqlaması ilə alınır. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, torpaqlarımz işğaldan azad edilənədək ordumuz düşmənə qarşı tədbirlərini davam etdirəcək. İşğal altında olduğu hər gün Azərbaycan torpaqlarından Ermənistana əsgər tabutları gedəcəkdir”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367980

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR