Səfir: "Misir və Azərbaycan iqtisadi əlaqələri genişləndirməlidir"

Səfir: "Misir və Azərbaycan iqtisadi əlaqələri genişləndirməlidir"
15:27 23 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfiri Suzan Cəmilin "Report"a müsahibəsi
- İki ölkə arasındakı əlaqələri necə qiymətləndirirsiniz? Misirin Azərbaycandakı səfiri kimi qarşınıza hansı məqsədləri qoymusunuz?
- Əlaqələrimizdən danışırıqsa, bilirsiniz ki, ölkələrimiz bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Ona görə də Azərbaycanda və ya Misirdə nəyisə izah etməyə ehtiyac olduğunu düşünmürəm. Ölkə rəhbərləri də bir-birini çox yaxşı başa düşür. Mən ticarətə və iqtisadi əlaqələrə daha çox diqqət yetirmək istərdim. Hesab edirəm ki, ölkələrimiz iqtisadi əlaqələri genişləndirməlidir. Azərbaycan və Misir iş adamları arasında görüş təşkil etmək istəyirəm. İstəyirəm ki, biznesmenlər özləri iki ölkə arasındakı perspektivləri və potensialı görsün və nəyi ixarac edib, nəyi idxal etməyin səmərəli olduğuna qiymət versinlər. Bu, məqsədlərimdən biridir.
İkinci məsələ Azərbaycanla Misir arasında mədəni əlaqələrin genişləndirilməsidir. Azərbaycanlılar Misir haqqında çox şey bilir, amma Misirdə Azərbaycan, onun harda yerləşməsi, əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında çox az adamın xəbəri var. Missiyamız qarşılıqlı olaraq ölkələrimizdə Misir və Azərbaycan haqqında olan bilikləri artırmaqdır.
- Ticarət dövriyyəsi barədə nə deyə bilərsiniz? İkitərəfli münasibətlərdə ən fəal sahələr hansılardır?
- Biz Azərbaycandan neft və qaz idxal edirik, lakin bu, kifayət deyil. Gərək misirli biznesmenlərin azərbaycanlı iş adamları ilə görüşünü təşkil edək ki, onlar da Azərbaycana, məsələn, dərman preparatları, meyvə, tərəvəz ixrac edə bilsin.
Ticarət dövriyyəsindən danışırıqsa, maksimum göstəricinin 2011-ci ildə, Misirdəki inqilabdan əvvəl qeydə alındığını deməliyəm. O vaxt göstərici 1 milyard dollar təşkil etmişdi və müsbət saldo Azərbaycanın tərəfində idi.
- 2011-ci ildəki inqilabdan sonra Misirdə vəziyyət necədir?
- Təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşıb. Düzdür, xəbərlərdə ara-sıra partlayışlar barədə xəbərləri eşitmək olur, amma məncə, bu normaldır. O baxımdan ki, terrorçuları bir dəfəyə tam məhv etmək mümkün deyil. Çünki terrorizm görə bilməyəcəyin, ruh kimi bir məhfumdur. Onun nə zaman, hardan gələcəyini bilmək olmur. Amma yenə də Misir polisi tərəfindən atılan addımlar vəziyyətin yaxşılaşdırılmasına imkan verir.
Rusiya təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələyə gəlincə, bu hadisə bizim iqtisadiyyata və turizm sektoruna təsir etdi. Amma ümid edirik ki, vəziyyət düzələcək. Belə bir hadisə hər yerdə ola bilər, bu o demək deyil ki, Misir təhlükəli yerdir. Hələ də Şarm əş-Şeyx və Hurqadada istirahət edən turistlər var.
- Azərbaycan və Misir arasında birbaşa reyslər yoxdur. Birbaşa uçuşlar təşkil etmək və azərbaycanlı turistləri cəlb etmək üçün hansı addımlar atılmalıdır?
- Bu, kifayət qədər məlumatın olmamasının nəticəsidir. Azərbaycanda çoxları Misirin qədim tarixini bilir. Jurnalistlər Misir və ölkədəki vəziyyət haqqında daha çox yazsalar, kurort zonalarındakı vəziyyət dəyişər. Bizdə, həmçinin Roma imperiyasının dövründən qalmış tarixi abidələr, eləcə də dünyanın ən böyük muzeyi var.
İki ölkə arasında birbaşa uçuşlara gəlincə, biz artıq "Air Cairo"nun uçuşlara başlaması ilə bağlı Azərbaycan tərəfi ilə müqavilə imzalamışıq. Bu aya görüş təyin etmişdik, amma "Air Cairo" məlum səbəblərə görə görüşü təxirə salınmasını istədi.
- Humanitar sahədə əməkdaşlıq barədə nə deyə bilərsiniz? Neçə misirli tələbə Azərbaycanda təhsil alır?
- Daha əvvəllər 30-a yaxın tələbə Azərbaycanda təhsil alırdı, indi isə bu rəqəm 3-4-ə bərabərdir.
- Misir müsəlman dünyasının aparıcı ölkələrindən biridir. Ölkəniz İŞİD ilə mübarizə və Yaxın Şərqdə sabitliyin bərpası yönündə nə kimi işlər görür?
- Bildiyiniz kimi, Misir Vyana-2 çərçivəsində danışıqlarda iştirak edib. Mövqeyimiz belədir ki, əvvəlcə İŞİD-i məhv etmək lazımdır, sonra Bəşşar Əsədin gələcəyini müzakirə edə bilərik.
Liviyaya gəlincə, biz hökuməti və Liviya ordusunu dəstəkləyirik. Bildiyiniz kimi, Liviyaya silah təchizatı ilə bağlı embarqo var, amma biz bu qərarı dəstəkləmirik.
Fələstinin durumuna gəlincə, biz hər zaman Fələstini dəstəkləmişik. Bu məsələ xarici siyasətimizin əsas məsələlərindən biridir. İsrail ilə bağlı vahid fikir ortaya çıxarmaq üçün "Fəth" və "Həmas"la danışıqlar aparırıq.
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Misirin mövqeyi necədir?
- Biz Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşuq. Bu münaqişə yararnanda biz Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanı dəstəkləmişdik. Azərbaycanın bu ərazilər üzərində suverenliyini tanıyırıq və bu torpaqların bölüşdürülə biləcəyi faktını qəbul etmirik.
- Misirdən Azərbaycana yüksək səviyyəli səfərlər gözləmək olar?
- Bildiyiniz kimi, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bu ay Misirə səfər edib və baş nazir Şərif İsmayılla görüşdə prezident Abdel Fəttah as-Sisini Azərbaycana dəvət edib.







Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/sefir-misir-ve-azerbaycan-iqtisadi-elaqeleri-genislendirmelidir-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR