Müdafiə Nazirliyi: Ermənistan ordusu atəşkəsi pozmağa davam edərsə, cavabımız daha sərt olacaq

16:13 23 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, Ermənistan ordusu atəşkəsi pozmağa nə qədər davam edəcəksə, yaşayış məntəqələrimizi, dinc sakinləri nə qədər atəşə tutacaqsa, ona daha çox və daha iriçaplı üstün silahlarla cavab zərbələri endiriləcək.
Bunu AZƏRTAC-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri öz qüvvəsinin və arsenalındakı silahların çox cüzi bir hissəsindən istifadə edir: “Silahlı Qüvvələrimizin sərəncamındakı silahların dağıdıcı gücü, tətbiq dərinliyi, dəqiqliyi bundan dəfələrlə artıqdır. Erməni tərəfi də bunu yaxşı bilir. Müdafiə Nazirliyi dəfələrlə bəyan edib ki, ehtiyac yaranarsa, Silahlı Qüvvələrimizin sərəncamındakı digər silahlar da düşmənə qarşı tətbiq olunacaq. Həmin silahlardan istifadə ediləcəyi təqdirdə ermənilərin itkisi onların ağlına gələ bilməyəcəyi qədər, düşündüklərindən də çox olacaq. Onlar bunu anlamalıdırlar”.
Nazirlik rəsmisi bəyan edib ki, əgər ermənilər gənclərini, erməni millətinin gələcəyini qorumaq istəyirlərsə, işğal altında saxladıqları Azərbaycan ərazilərini birdəfəlik tərk etməlidirlər.
V.Dərgahlı qeyd edib ki, bu gün cəbhədə süni şəkildə gərginlik yaradan da, dövlət sərhədində, qoşunların təmas xəttində işğal olunmuş ərazilərdən Azərbaycan kəndlərini, dinc əhalini atəşə tutan da Ermənistan ordusudur. Hər il onlarla dinc sakin erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanır, həlak olur. Bu faktlar beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-ə də məlumdur.
“Əgər düşmən hesab edirsə ki, biz buna biganə qalacaq, cavab verməyəcəyik, çox yanılır. Azərbaycan Ordusu qarşı tərəfdə dinc əhaliyə maksimum şəkildə toxunmamağa çalışır. Hətta, xatırlatmaq yerinə düşər ki, bir neçə ay əvvəl ermənilərin işğal etdikləri Ağdərə ərazisindəki Talış və Madagis kəndlərinin sakinləri xarici KİV-ə müsahibələrində özləri də etiraf etmişdilər ki, Azərbaycan Ordusu istəsə bizi vura bilər. Amma bunu etmir. Sadə ermənilər Ermənistandakı cinayətkar hərbi rejimin uydurduğu yalanları bu açıqlamaları ilə ifşa etdilər”, - deyə nazirliyin sözçüsü bildirib.
Ermənistan Müdafiə Nazirliyi mətbuat katibinin ötən gün yerli KİV-lərdə yayılan və guya Azərbaycan Silahlı Qüvvələrinin il ərzində cəbhədə 215 əsgər itirməsi barədə açıqlamasına da toxunan V.Dərgahlı bunu Artsrun Ovanisyanın “yuxusu” adlandıraraq deyib: “Ovanisyanın bu açıqlaması öz müdafiə nazirinin hərəkətləri qədər çox məsuliyyətsiz, heç bir əndazəyə sığmayan bəyanatdır. Onlar öz sayıqlamalarını mətbuat vasitəsi ilə ictimaiyyətə sırımaqda, itkilərini gizlətməkdə ustadırlar. Bizdə olan məlumata görə, Ermənistan tərəfi öz itkilərinin sayını gizlədir. İtkiləri o qədər çoxdur ki, onları açıqlamaqdan çəkinirlər. Odur ki, Azərbaycan tərəfinin itkiləri barədə şişirdilmiş, yalan, təxribat dolu xəbərlər yaymaqla erməni ictimaiyyətini qismən də olsa sakitləşdirmək istəyirlər.
Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki hər bir şəhid, yaralanan hər bir hərbçi barədə ictimaiyyətə mütəmadi informasiya verir. Şəhidimizin qanı isə artıqlaması ilə alınır. Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, torpaqlarımız işğaldan azad olunanadək ordumuz düşmənə qarşı tədbirlərini davam etdirəcək. İşğal altında saxlanılan Azərbaycan torpaqlarından Ermənistana hər gün əsgər tabutları gedəcək”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mudafie_Nazirliyi_Ermenistan_ordusu_ateskesi_pozmaga_davam_ederse_cavabimiz_daha_sert_olacaq-913667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR