“Azərbaycan Hava Yolları” aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır. Qurumun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.