Maddi dəyərlərin çərçivəsi və sərhədi var, mənəvi dəyərlər isə sərhədsizdir

Maddi dəyərlərin çərçivəsi və sərhədi var, mənəvi dəyərlər isə sərhədsizdir
17:38 23 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, Salihə Əliyeva, AZƏRTAC 
Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində azərbaycanlı yazıçı, “Qızıl qələm” və Avrasiya Yazıçılar Birliyi mükafatları laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü Varis Yolçuyevin “Yanvarın 13 günü” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yazıçı təqdimat mərasimində özündən və kitablarından danışıb. Bildirib ki, Sumqayıtda doğulub, Bakı Dövlət Universitetinin filologiya fakültəsini qurtarıb. Müxtəlif illərdə “168 saat” qəzetində, “Azərbaycan” nəşriyyatında baş redaktor işləyib. Hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində departament rəisidir. Onun Azərbaycanda 9, Türkiyədə 3, Özbəkistanda 2, Kanadada 1 kitabı nəşr edilib. “Sonuncu ölən ümidlərdir” romanı 5 dəfə nəşr edilib və Bakı Kitab Klubu tərəfindən “Azərbaycanda ən çox oxunan kitab” elan edilib.
Varis Yolçuyev Azərbaycanda və xarici ölkələrin mətbuatında yüzlərlə məqalənin müəllifidir. 2001-2005-ci illərdə 5 dəfə ardıcıl olaraq müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Office” və s.) media mükafatları ilə təltif edilib. Müxtəlif illərdə “Dan ulduzu” ali jurnalistika mükafatına, “İlin ən yaxşı redaktoru” adına layiq görülüb. On səkkiz kitabın redaktoru olub. 90-cı illərdə onun hekayələri ədəbi mətbuatda dərc edilib.
Varisin “Yanvarın 13 günü” kitabı Beynəlmiləl Yazıçılar İttifaqının “Sovremenniki i klassiki” seriyasında çap edilib.
Kitab yeni ilin ilk 13 günündə yazıçının fəlsəfi düşüncələrini əhatə edir, hər günün sonunda da yazıçı oxucularına bir hekayə təqdim edir. Əsərin qəhrəmanı cəmiyyətdə daim öz yerini axtaran, xeyir və şər arasındakı əbədi mübarizədə gah qazanan, gah da itirən insandır.
Əsər forma baxımından yazıçının gündəliyini xatırladır. Müəllif orada həyatın mənası, xoşbəxtlik, insan taleyi, sevgi barədə düşüncələrin qeyd edir. Kitabın adında yazıçının təsvir etdiyi zaman, təhkiyə formasında isə onun fəlsəfi fikirləri əks olunur. Bu fəlsəfi fikirlərin bir çoxu aforizm səviyyəsindədr. Məsələn, “Bəzilərinin köksündə ürək yerləşir, bəzilərində isə bir parça ət”, “Ən yüksəkdə qətiyyətlə addımlayanlar dayanıb, ortada büdrəyənlər, ən aşağıda isə yıxılanlar...”, “Maddi dəyərlərin çərçivəsi və sərhədi var, mənəvi dəyərlər isə sərhədsizdir”.
Əsərdə Azərbaycanın tolerantlığı, xalqımızın mənəvi zənginliyi, Qarabağ mövzularına da yer ayrılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Maddi_deyerlerin_cherchivesi_ve_serhedi_var_menevi_deyerler_ise_serhedsizdir-913716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR