Müğənnilərin vergi ödəməmək üçün bəhanələri - Nazirlik

Müğənnilərin vergi ödəməmək üçün bəhanələri - Nazirlik
17:51 23 Dekabr 2015
79 Şou
Ölkə mətbuatı
A- A+

Son bir neçə ay ərzində vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində şou-biznes sahəsində fəaliyyət göstərən xeyli fiziki şəxs vergi uçotuna alınıb, uçotda olanlar isə vergi borcunun bir hissəsini ləğv ediblər.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, şou-biznesdə çalışan və kifayət qədər gəlir əldə edənlərin bəziləri hələ də qanunla müəyyən edilmiş vergilərin ödənilməsinin vacibliyini sözdə qəbul etsələr də, işdə qanunun tələblərinə əməl etmək nümunəsi göstərmirlər.

Vergilər Nazirliyi keçirilən görüşlər zamanı vergilərin vaxtında və tam həcmdə ödənilməməsinin səbəbləri ilə bağlı gətirilən əsas arqumentləri təqdim edib:

- “Mənim vergi ödəməyə imkanım yoxdur”

- “Mən vergiləri ödəsəm, onda gərək köməkçilərimə, birgə çalışdığım şəxslərə əmək haqqı verməyim”

- “Mən sənət adamıyam, geyimimə çox pul xərcləməyə məcburam”

- “Mən özümdən başqa ailə üzvlərimə, qohumlarıma da kömək etdiyim üçün vergiləri ödəyə bilmirəm”

- “Mən vergiləri ödəsəm, gərək klip çəkdirməyim” və sair və ilaxır...

Nazirlik qeyd edir ki, belə şəxslərin keçirdiyi həyat tərzi onların söylədiklərinin tam əksini göstərir və bunu sübut etmək o qədər də çətin deyil. Təəssüf doğuran cəhətlərdən biri də odur ki, vətənə, dövlətə sədaqətlərindən ağız dolusu dəm vuran bu insanlar dövlətin vergisini bütün şəxsi istəklərini həyata keçirdikdən sonra, əgər vəsaiti qalarsa, ödəməyi düşünürlər.

Vergilər nazirliyi müğənnilərə xatırlatma edir:

-Vergi ödəmək hər kəsin Konstitusiya borcudur.

-Vergi Məcəlləsinin 16.1.1. maddəsinə, qanunla müəyyən edilmiş vergiləri, habelə bu məcəllə ilə müəyyən olunmuş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur.

-Vergi Məcəlləsinin 24.0.2. məddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifəsidir.

Vergilərin düzgün hesablanması, vaxtında və tam ödənilməsi üçün yalnız və yalnız vergi ödəyiciləri məsuliyyət daşıyırlar.

Vergi orqanları isə buna nəzarət edirlər və bu, heç də o demək deyildir ki, hər intizamsız vergi ödəyicisinin başının üstündə bir vergi orqanı əməkdaşı dayanmalıdır. Ölkəmizdə mövcud olan vergi inzibatçılığı ciddi nəzarəti təmin etməyə imkan verir və əgər bundan sonra da kimsə yenə əvvəlki kimi vergidən yayınmağa cəhd göstərəcəksə, belələrinə qarşı qanun tam gücü ilə tətbiq ediləcək.

Bu bütün dünyada belədir və tanınmışlar isə dövlət qarşısında borclarının, o cümlədən vergi borclarının yerinə yetirilməsində başqalarına da nümunə göstərməlidirlər.

Qurum vurğulayır ki, qanun hamı üçün birdir!

Bir neçə gün əvvəl KİV-lərdə yayılmış bir məlumat da bunu göstərir. Dünyanın ən məhşur opera müğənnilərindən biri olan ispaniyalı Monserrat Kabalyeyə vergi borcuna görə cərimə kəsildi və 82 yaşlı bu ahıl qadın 6 aylıq həbs cəzası aldı. Həm vergiləri, həm cərimələri ödəməyə məcbur edildi, həm də həbsə alındı. Çox istərdik ki, bizdə belə hallar olmasın.

"Vergilər" qəzetinin bu nömrəsində vergi borclarını ödəməkdən yayınan bir qrup vergi ödəyicisi ilə tanış ola bilərsiniz. Bu siyahıya, hələlik, borclarının xeyli hissəsini ödəmiş vergi ödəyicilərinin adları daxil edilməyib. Əsasən, sadələşdirilmiş vergi ödəyiciləri olan şou-biznes nümayəndələri növbəti bəyannamələrini yanvar ayının ortasında təqdim etdikləri üçün, daha geniş siyahı gələn ayın axırlarında təqdim olunacaq və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.

Nazirlik vurğulayır ki, bunu istəməyənlər qarşıdakı bir ay ərzində bütün vergi borclarını ləğv etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43029

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR