"Kris Smitin ABŞ Konqresinə təqdim etdiyi sənəd ikitərəfli münasibətlərə xələl gətirə bilər"

"Kris Smitin ABŞ Konqresinə təqdim etdiyi sənəd ikitərəfli münasibətlərə xələl gətirə bilər"
20:22 23 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 23-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

QMİ-dən Trend-ə verilən məlumata görə, A.Paşazadə səfiri və bütün Amerika xalqını qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edib, xoş arzularını bildirib.

Görüşdə QMİ-nin sədri Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası dialoq və əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər, habelə dövlət-din münasibətlərinin yüksək səviyyəsi barədə səfirə məlumat verib. Şeyxülislam qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bu sahədə görülən işlər yüksək qiymətləndirilir.

A.Paşazadə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda dini dəyərlərə ehtiramlı münasibətin, tolerantlığın dövlət səviyyəsində həyata keçirilməsinin əsasını qoyduğunu vurğulayıb. O, dövlətimizin başçısı İlham Əliyev tərəfindən dini-mənəvi dəyərlərə qayğı və diqqətin davam etdirilməsindən, multikultural dəyərlərimizin dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən tədbirlərin önəmindən danışıb.

R.Sekuta fəaliyyət müddəti ərzində Azərbaycanda müşahidə etdiyi dinlərarası və məzhəblərarası səmimi münasibətlərdən, ölkəsində olduğu kimi, Azərbaycanda da tolerantlıq mühitinin mövcudluğundan məmnunluğunu vurğulayıb. O bildirib ki, səfir olaraq öz vəzifəsini Azərbaycan ilə ABŞ arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi istiqamətində səy göstərməkdə görür.

Şeyxülislam A.Paşazadə xalqlarımız, dövlətlərimiz arasında dostluq və əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını arzu etdiyini bildirib. O, qeyd edib ki, ABŞ-dan təşrif buyuran müxtəlif ictimai, siyasi, dini xadimlərlə, KİV nümayəndələri ilə görüşlərində hər zaman bu istiqamətdə söhbət aparıb.

Səfirin Azərbaycandakı tolerantlıq haqqında söylədiyi fikirləri yüksək dəyərləndirdiyini bildirən QMİ sədri konqresmen Kris Smitin bu yaxınlarda ABŞ Konqresinə təqdim etdiyi, Azərbaycanda dini vəziyyətlə bağlı həqiqətəuyğun olmayan məqamların əksini tapdığı qanun layihəsinin qəbuledilməz olduğunu bildirib. Şeyxülislam A.Paşazadə Azərbaycan dindarlarının mövqeyini ifadə edərək, belə bir qeyri-obyektiv sənəd layihəsinin meydana gəlməsinin ikitərəfli münasibətlərə xələl gətirə biləcəyini diqqətə çatdırıb.

Səfir ABŞ-da bu cür qanun layihələrinin gündəmə gəlməsi və qəbulu mexanizmi barədə məlumat verib.

QMİ sədri Azərbaycanda son zamanlar dini sahədə qanunvericiliyə edilən dəyişikliklərlə bağlı səfiri maraqlandıran sualları cavablandırıb.

Sonda R.Sekuta bütün Azərbaycan müsəlmanlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR