6 nəfəri güllələyən şəxsin atası iş başındadır

6 nəfəri güllələyən şəxsin atası iş başındadır
22:37 23 Dekabr 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyevin işdən azad olunduğu barədə yayılan xəbərlər təsdiqini tapmadı. Milli.Az bildirir ki, İdarə rəisinin köməkçisinin anspress-ə verdiyi məlumata görə, saytlarda yer alan bu xəbərlər əsassızdır.

"Hazırda Fəxrəddin müəllim iş başındadır və onun işdən azad olunması ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Saytlarda yer alan məlumatlar isə həqiqəti əks etdirmir. Yazılıb ki, guya onun yerinə artıq təyinat da olub. Bu da yalandır, Fəxrəddin Əliyevin yerinə bu saata kimi heç kim rəis təyin olunmayıb".

Vəzifəsindən azad edildiyi deyilən Fəxrəddin Əliyev Bakıda silahlı insident törədən şəxsin atasıdır. Onun övladının bu əməlinə görə işdən çıxarıldığı iddia olunur. 

Məlum hadisə dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, onun oğlu Orxan Həsənov, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev "Vinçestr" markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib və Samir adlı şəxslə hadisə yerini tərk edib.

Xəsarət alanlar Lökbatan qəsəbəsində yerləşən restoranda ad günü məclisində olublar.

Həyata keçirilən tədbirlər nəticəsində hadisənin əsas iştirakçısı Məhərrəm Əliyev tutulub. Hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/392635.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR