Azərbaycanda bütün mehmanxanalar mütləq şəkildə qanun çərçivəsində sertifikatlaşmadan keçməlidir

00:08 24 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycanda sərbəst olaraq turizm fəaliyyəti ilə məşğul olan şirkətlər var və otellər tikilir. Bu o demək deyil ki, bu sahə nəzarətsiz olacaq və orada özbaşınalıq hökm sürəcək. İlk olaraq biz Azərbaycanda lisenziyaların ləğvi təşəbbüsünü qaldırmışdıq. Artıq bu prosesə başlanıb. Azərbaycanda bütün mehmanxanalar mütləq şəkildə qanun çərçivəsində sertifikatlaşmadan keçməlidir. Bu, lisenziya deyil. Amma hər otelin öz xidmət dərəcəsi müəyyənləşdirilməlidir.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində lisenziyaların ləğvi barədə jurnalistlərin sualını cavablandırarkən söyləyib. O deyib ki, Mədəniyyət və Turizm Nazirliyi həmişə çalışır ki, turizm sahəsində fəaliyyət göstərən təşkilatlarla və qurumlarla sıx əməkdaşlıq etsin və onlara heç bir maneçilik törətməsin. Lisenziyaların verilməsi internet vasitəsilə həyata keçirilirdi. Lakin bunun da müəyyən qədər çətinlikləri vardı. Bu səbəbdən də ölkə başçısı tapşırıq verdikdən sonra nazirliyin mütəxəssisləri Azərbaycan Turizm Assosiasiyasının üzvləri ilə birgə müzakirə edərək qərara alındı ki, lisenziyaların verilməsi indiki dövrdə məqsədə müvafiq deyil.
Nazir, həmçinin Azərbaycanda turizm səyahətləri ilə məşğul olmaq istəyən şirkətlərin fəaliyyətinə aydınlıq gətirib. Bildirib ki, turizm şirkətlərinin bu gün müxtəlif yerlərə turistlər göndərməsi, orada hansısa xidmətlərin göstərilməsi müəyyən maliyyə riskləri ilə bağlıdır. O deyib: “Bunun da öz mexanizmi var. Mexanizm də ondan ibarətdir ki, turizm səyahətləri ilə məşğul olmaq istəyən hər hansı şirkətin lisenziyası olmasa da, mütləq müəyyən bank hesablarında onların öz vəsaitlərinin təminatı olmalıdır”.
Ə.Qarayev vurğulayıb ki, artıq bununla bağlı qanunvericilik şəklində layihə təqdim edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_butun_mehmanxanalar_mutleq_sekilde_qanun_cherchivesinde_sertifikatlasmadan_kechmelidir-913854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR