İlham Əliyevin ad günüdür

İlham Əliyevin ad günüdür
01:11 24 Dekabr 2015
124 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ad günüdür.

Axşam.az-ın məlumatına görə, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.

Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olub. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
 
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
 
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verib.

2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci ildə yenidən prezident seçilib.

2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir. Rus, ingilis, fransız və türk dillərini bilir.

Ailəlidir. Üç övladı, üç nəvəsi var.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR