Astarada tarixi abidə kimi qorunan hamamların bərpa və əsaslı təmirinə ciddi ehtiyac vardır

Astarada tarixi abidə kimi qorunan hamamların bərpa və əsaslı təmirinə ciddi ehtiyac vardır
20:38 9 Fevral 2015
1517 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 9 fevral, Bağır Əliyev, AzərTAc
Cənub bölgəsində tarixi qədimliyi ilə seçilən və və dövlət əhəmiyyətli abidə kimi qorunan bir sıra mədəniyyət nümunələri vardır. Onların arasında XIX əsrin yadigarı olan hamamlar xüsusilə seçilir.
Belə hamamlardan ikisi Astara rayonunda qorunub saxlanılır.
Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şadoğlan Bayramov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, hazırda rayonda dövlət mühafizəsinə götürülmüş 102 tarix və mədəniyyət abidəsi vardır.
Astarada olan hamamlardan ən qədimi Ərçivan qəsəbəsində Kərbəlayi Həmid Abdulla tərəfindən inşa olunub. 1806-cı ildə tikilmiş və 8 günbəzdən ibarət olan hamamdan bir zamanlar Ərçivan qəsəbəsi ilə yanaşı, qonşu kəndlərin sakinləri də istifadə ediblər.
Rayon ərazisində tarixi abidə kimi qorunan digər bir hamam isə Pensər kəndində tikilmiş məşədi Abutalıb hamamıdır. Bu hamam 1886-cı ildə xeyriyyəçi Abutalıb tərəfindən inşa etdirilib. Tarixi abidənin 10 günbəzi vardır. Hamamdan kişilərlə yanaşı, qadınlar da istifadə ediblər.
Ötən əsrin sonlarına kimi fəaliyyət göstərən hər iki hamama 2001-ci ildə Nazirlər Kabinetinin qərarı ilə tarixi abidə statusu verilib.
Tarixi abidələrin bugünkü vəziyyətindən narahatlığını bildirən Ş. Bayramov diqqətə çatdırıb ki, hər iki hamam təbii təsirlər nəticəsində aşınmaya məruz qalıb. Bölgədə turizmin inkişafını və tarixi abidələrə marağı nəzərə alaraq rayonda olan bir neçə memarlıq abidəsinin, o cümlədən Pensər kəndində və Ərçivan qəsəbəsində olan qədim hamamların bərpa və konservasiya edilməsinə ciddi ehtiyac vardır.
Şöbə müdiri onu da əlavə etdi ki, Ərçivan qəsəbəsindəki Kərbəlayi Həmid Abdulla hamamının bərpa və konservasiya edilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə müraciət olunub.
Qədim tariximizi özündə əks etdirən mədəniyyət abidələrimizi qoruyub saxlamaq və onları gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Ümid edirik ki, Astara rayonunda tarixi abidə kimi mühafizə edilən hər iki hamamda tezliklə bərpa və təmir işlərinə başlanılacaq.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astarada_tarixi_abide_kimi_qorunan_hamamlarin_berpa_ve_esasli_temirine_ciddi_ehtiyac_vardir-830960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR