Türk Dünyası İqtisadçılar Birliyi təsis edilib

Türk Dünyası İqtisadçılar Birliyi təsis edilib
11:43 24 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Türk Akademiyasının prezidenti professor Darhan Kıdırali və UNEC-in rektoru, professor Ədalət Muradov Türk Dünyası İqtisadçılar Birliyinin təsis edilməsi haqqında qərar imzalayıblar.
UNEC-in marketinq və kommunikasiya departamenti, ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, türk dünyası dövlətlərinin və digər respublikaların maraqlı iqtisadçılarının könüllü beynəlxalq birliyi kimi fəaliyyət göstərəcək Türk Dünyası İqtisadçılar Birliyinin əsas məqsədi türk dünyası iqtisadçıları arasındakı əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək, onlar arasında iqtisadi tədqiqatlar üzrə beynəlxalq standartların tətbiqini genişləndirmək və türk dünyasının iqtisadi mirası və gələcək iqtisadi inkişafı istiqamətlərində elmi tədqiqat və nəşr fəaliyyətlərini həyata keçirməkdir.
Professor Darhan Kıdırali və professor Ədalət Muradov qloballaşan dünyada türk dünyasının elm və təhsil sahəsindəki əməkdaşlığının fövqəladə əhəmiyyətli olduğunu vurğulayıb və yeni yaranan birliyin bu sahədəki böyük bir boşluğu dolduracağından ümidli olduqlarını bildiriblər. Natiqlər, həmçinin dünya iqtisadiyyatında baş verən son tendensiyalar çərçivəsində türk dünyası ölkələri üçün yeni iqtisadi reallıqların ortaya çıxdığını və bu baxımdan da türkdilli iqtisadçıların birgə elmi fəaliyyətinin bu ölkələrin gələcək iqtisadi inkişafına mühüm töhfələr verə biləcəyinə inandıqlarını qeyd ediblər.
Birliyə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan dövlətlər və digər respublikaların maraqlı iqtisadçıları və ya onların milli assosiasiyaları üzv ola biləcək. Fəaliyyətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında 3 oktyabr 2009-cu ildə qəbul olunan Naxçıvan razılaşmasını, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat sahəsində təhsilin və elmin inkişafına yönələn qərarlarını, Beynəlxalq Türk Akademiyası və Azərbaycan Dövlət İqtisad Universiteti arasındakı əməkdaşlıq Memorandumunu və Əsasnaməsini rəhbər tutacaq birliyin icraçı orqanı kimi daimi katibliyi UNEC-də yerləşəcək. Birliyin təsisçilərindən biri kimi Beynəlxalq Türk Akademiyası isə onun beynəlxalq fəaliyyətini təmin edəcək və digər beynəlxalq təşkilatlarla əlaqələrini tənzimləyəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turk_Dunyasi_Iqtisadchilar_Birliyi_tesis_edilib-913895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR